"Cəmiyyətdə “ayıb olar” anlayışının zəifləməsi məsələsinə qiymət verərkən, ilk növbədə bu anlayışın mahiyyətinə diqqət yetirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "“Ayıb” anlayışı əslində cəmiyyətin qəbul etdiyi olmazlar sərhədini ifadə edir. Yəni əxlaq, davranış, etik normalar və ictimai münasibətlərdə müəyyən çərçivələr var ki, bu çərçivələr aşıldıqda “ayıb” mexanizmi işə düşür.
Hər bir millətin özünəməxsus milli-mənəvi və mental dəyərləri mövcuddur. Bu dəyərlərin formalaşmasında xalqın inancı, mədəni kökləri və əsas meyar kitabları mühüm rol oynayır. Biz müsəlman cəmiyyətiyik, eyni zamanda Qafqaz xalqıyıq və bu kimlik bizə xas olan davranış, ədəb və hörmət anlayışlarını formalaşdırıb.
Məsələn, böyüklər gələndə kiçiklərin ayağa qalxmaması, böyüklərin yanında etik olmayan ifadələrin işlədilməsi əvvəllər cəmiyyətdə açıq şəkildə ayıb hesab olunurdu. Bu gün isə təəssüf ki, bu kimi davranışlara münasibət getdikcə laqeydləşir.
Son dövrlərdə sosial şəbəkələrdə müşahidə etdiyimiz bəzi hallarda, özlərini azərbaycanlı və müsəlman kimi təqdim edən şəxslərin açıq-aşkar qeyri-etik ifadələr işlətməsi, davranış sərhədlərini aşması bu anlayışın zəiflədiyini göstərir. Bu cür davranışlar izləyən insanlar üçün əvvəl-əvvəl təəccüb doğursa da, zamanla adi və normal qəbul edilməyə başlayır. Halbuki 20–30 il əvvəl bu cür əməllər cəmiyyət tərəfindən ciddi şəkildə qınanırdı.
Bu məsələ geyim mədəniyyətində də özünü aydın göstərir. Keçmişdə nənələrimizin yaylıq bağlaması, yaşmaq örtməsi, böyüklərin yanında üzlərini bağlaması hörmət və ədəb əlaməti idi. O dövrdə bu davranış normal, əksinə etməmək isə ayıb sayılırdı. Bu gün isə Avropadan gələn və milli-mənəvi dəyərlərimizə uyğun olmayan geyim formalarının, xüsusilə cırıq və ifrat açıq tərzlərin gənclər arasında geniş yayılması cəmiyyətin “ayıb” anlayışının ciddi şəkildə zəiflədiyini göstərir.
Burada əsas məsələ dəyişimin özündə deyil, nəyin bahasına dəyişdiyindədir. Əgər “ayıb olar” anlayışının zəifləməsi daha yüksək etik şüur, məsuliyyət və hörmətlə əvəz olunmursa, bu artıq sadəcə dəyişiklik deyil, dəyərlərin aşınması deməkdir. Demək olar ki, cəmiyyətdə “ayıb olar” anlayışının zəifləməsi bir çox hallarda milli-mənəvi dəyərlərin tədricən arxa plana keçməsinin göstəricisidir. Bu isə gələcək nəsillərin formalaşmasında ciddi suallar yaradır. Əsas məqsəd müasirliklə milli dəyərlər arasında sağlam balansı qorumaq olmalıdır. Çünki cəmiyyət yalnız texnoloji və sosial dəyişikliklərlə deyil, əxlaq və dəyərlərlə möhkəm qalır".