Sabah hava bəzi yerlərdə arabir yağıntılı olacaq

24 Dekabr 2025 14:42 (UTC+04:00)

Azərbaycanda dekabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.