Kürdəmirdə gənclərə çağırışçıların hüquq və vəzifələri barədə məlumat verilib - FOTOLAR

24 Dekabr 2025 14:41 (UTC+04:00)

Kürdəmirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib.

Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar geniş məlumat təqdim edib.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşması barədə ətraflı məlumat çatdırıb.

Daha sonra SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin rəisi polkovnik-leytenant Siludin Əhmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri çıxış edərək təəssüratlarını bölüşüblər.