“Böyük Qayıdışla azad edilmiş ərazilərə sakinlərin təhlükəsiz qayıdışı təmin edilir” - ŞƏRH EDİLDİ

24 Dekabr 2025 13:48 (UTC+04:00)

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı yeni mərhələdə əsas prioritetlərdən biridir. Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı cənab Prezidentin şəxsi nəzarəti ilə son beş il ərzində azad edilmiş ərazilərdə işlərin koordinasiyası, dövlət qurumları arasında fəaliyyətin uzlaşdırılması və kompleks yanaşmanın təmin olunması baxımından mühüm institusional mexanizmə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu konteksdə vahid idarəetmə modelinin tətbiqi Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir: "Məlum olduğu kimi, Böyük Qayıdış 2022-ci ilin iyulunda Ağalı kəndinə ilk qayıdışla başlayıb. Bu vaxta kimi ümumilikdə 30-dan çox yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Hazırda isə azad olunmuş ərazilərdə 60 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Təsadüfi deyil ki, bu gün cənab Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb. 4 gün əvvəl isə Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub. Uzun illər məcburi köçkün həyatı yaşayan Kərkicahan sakinləri doğma yurdlarına qayıdıblar. Cənab Prezident ötən gün həm də Kərkicahan sakinləri ilə görüşüb. Ümumiyyətlə, Prezident İlham Əliyev 2025-ci ildə də işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərlər edib və genişmiqyaslı infrastruktur layihələrinin təməlini qoyub. Ümumilikdə son 5 ildə Cənab Prezident azad olunmuş ərazilər üzrə 600-ə yaxın tədbirdə iştirak edib, müxtəlif təyinatlı layihənin təməlini qoyub, yeni infrastruktur layihələrinin açılışını edib.
“Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırıb.
Böyük Qayıdışla paralel təhlükəsizlik tədbirləri də görülür. Belə ki, 2020-2025-ci illər ərzində işğaldan azad edilmiş 243 894.4 ha ərazi təmizlənib, ümumilikdə 232 694 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Nəticədə, minatəmizləmə sayəsində təhlükəsizliyi təmin olunmuş ərazilər “Böyük Qayıdış” proqramının əsas baza komponentinə çevrilib, regionun sosial-iqtisadi reinteqrasiyasına, yerli əhalinin təhlükəsiz qayıdışına və iqtisadi fəallığın bərpasına mühüm töhfə verib. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri də əsas prioritetlərdən biridir".