“Dini təhsildə texnologiya və ənənənin balansı əsasdır” - Rəvan Həsənov

24 Dekabr 2025 12:25 (UTC+04:00)

“Tələbələrə dini təhsil verilməsi məsələsində iki fərqli yanaşma müzakirə olunmalıdır. Təxminən 2015-ci ildə irəli sürülmüş tövsiyəyə əsasən, Azərbaycanda təhsil alan hər bir gənc ölkənin multikulturalizm modeli, tolerantlıq ənənələri və burada mövcud olan müxtəlif dini cərəyanların tarixi ilə tanış olmalıdır. Bu tövsiyə Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılmış və nəticədə ali təhsil müəssisələrində-həm bakalavr, həm də magistratura səviyyəsində-'Multikulturalizm' fənni tədris olunmağa başlanmışdır. Bu model hazırda dünyanın 27 universitetində tətbiq olunur".

SİA xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumunun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” panel iclasında çıxışı zamanı səsləndirib.

Rəvan Həsənov vurğulayıb ki, texnologiyanın inkişafı və süni intellektin yayılması biliklərə daha sürətli çıxış imkanı yaratsa da, məlumat kirliliyi problemi ortaya çıxır: “Süni intellekt müxtəlif mənbələrdən məlumat toplayarkən bəzən lazımsız və ziddiyyətli məlumatlar yayıla bilər. Bu isə gənclərin doğru informasiyanı seçməkdə çətinlik çəkməsinə səbəb olur. Buna görə də açıq və dərin müzakirələrə ehtiyac var".

O əlavə edib ki, ənənəvi təhsil metodları, uzun kitablar və mühazirələr gənclər üçün həmişə effektiv olmaya bilər, çünki onlar qısa, konkret və vizual informasiyaya üstünlük verirlər. Eyni zamanda axtarış sistemlərində təqdim olunan məlumatların keyfiyyətsiz və təhrif olunmuş olması da problem yaradır.

Rəvan Həsənov çıxışında bildirib: “Dini və mənəvi təhsil sahəsində həm müasir texnologiyalardan faydalanmalı, həm də ənənəvi təbliğat formalarını — məscidlərdəki moizələr və ibadət mərasimlərini qoruyub saxlamalıyıq. Bu ibadət formaları hələ də öz mənəvi dəyərini və təsir gücünü qoruyur və qorumağa davam etməlidir”.