Bəzi Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa və Türkiyədə, 14-16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsi məhdudlaşdırılır. Həmin ölkələrdə uşaqları bu platformalardan uzaqlaşdırmaq istiqamətində ciddi addımlar atılır".
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumunun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” panel iclasında çıxışı zamanı səsləndirib.
Firudin Qurbanov vurğulayıb ki, sosial şəbəkələrdə, xüsusilə Instagram və TikTok kimi platformalarda yayımlanan tanıtımlar vasitəsilə uşaqlar zərərli məzmunlara yönləndirilir, bu isə onların psixologiyasına mənfi təsir göstərir və zərərli vərdişlərə yönəldir.
O əlavə edib: “Əsas məsuliyyətimiz cəmiyyət olaraq bu təhlükələrin qarşısını almaqdır. Ailələr, məktəblər, dini və ictimai qurumlar bu prosesdə birlikdə çalışmalıdır. Çünki hər bir uşaq sabahın vətəndaşıdır və onun formalaşmasında ailənin, məktəbin və cəmiyyətin rolu böyükdür. Uşaqlara yüksək mənəvi dəyərlər aşılanmalı, tərbiyəli, savadlı və mədəni böyümələrinə imkan yaradılmalıdır. Ən vacib məsələ odur ki, uşaqlar həyatın mənasını doğru başa düşsünlər. Onlar yaxşı ilə pisi ayırmağı, ailəsini və cəmiyyətini qorumağı öyrənməlidirlər”.
Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, dini və mənəvi institutların bu prosesə tez bir zamanda qoşulması və təşəbbüs göstərməsi vacibdir.