"Bu səfər beynəlxalq və regional aspektlərdən ciddi mesaj daşıyır" - POLİTOLOQ

24 Dekabr 2025 11:36 (UTC+04:00)

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz doğum günündə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə səfər etməsi, orada aparılan bərpa, tikinti və inteqrasiya işləri ilə birbaşa maraqlanması bir daha göstərir ki, dövlət başçısı Böyük Qayıdış proqramına xüsusi önəm verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, artıq neçə ildir cənab Prezident doğum gününü Qarabağda, işğaldan azad olunmuş ərazilərdə keçirir: "Bu, sadəcə rəmzi bir addım deyil, həm də xalqına, dövlətinə və torpağına verdiyi dəyərin bariz nümunəsidir. Post-münaqişə dövründə bu səfərlərin bir dövlət başçısı olaraq şəxsən özü tərəfindən həyata keçirilməsi, proseslərə birbaşa nəzarət etməsi və yerində görülən işlərlə tanış olması, Böyük Qayıdış siyasətinin nə qədər ciddi və sistemli şəkildə aparıldığını göstərir. Bu həm daxili sabitlik, həm sosial-iqtisadi inkişaf, həm də ictimai-siyasi proseslər baxımından olduqca önəmlidir.

Cənab Prezidentin bu səfəri həmçinin beynəlxalq və regional aspektlərdən də ciddi mesaj daşıyır. Artıq həm region dövlətləri, həm də regiondan kənardakı ölkələr anlayır ki, Azərbaycan dövləti Qarabağ məsələsində tam qərarlıdır. Prezidentin hər kəndə, hər qəsəbəyə, hər obyektə şəxsən baş çəkməsi, təməlqoyma və açılışlarda iştirakı bunu açıq şəkildə sübut edir. Orada tikilən yaşayış və qeyri-yaşayış obyektləri, infrastruktur layihələri, hava limanları, turizm və kənd təsərrüfatı sahələri, bütün bunlar dövlətin suverenliyinin gücləndirilməsinə və vətəndaş rifahına yönəlmiş çoxşaxəli addımlardır. Bu, həm də Azərbaycan xalqının Qarabağla bağlı prinsipial mövqeyini təsdiqləyən real göstəricidir.

Fürsətdən istifadə edərək, doğum günü münasibətilə cənab Prezident İlham Əliyevi təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıram".