Samux məktəbliləri Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini anıblar

23 Dekabr 2025 18:08 (UTC+04:00)

Samux məktəbliləri Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini anıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Samux rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə yeniyetmə və gənclər Milli Qəhrəmanın ailəsinin təşəbbüsü ilə Alıuşağı kəndində yaradılan xatirə muzeyində olublar. Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək üçün onun fotolarının, şəxsi əşyalarının sərgiləndiyi guşələrə baxış keçirilib. Məktəblilərə məlumat verilib ki, Hökumə Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Samuxun Alıuşağı kəndində məskunlaşıb. Hökumə Əliyeva ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl ulduz” medalına layiq görülüb.

Məktəblilər bütün şəhidlərimizin, Hökumə Əliyeva və onun kimi ləyaqətli, qəhrəman Azərbaycan oğul və qızlarının onlar üçün örnək təşkil etdiyini, xatirələrinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.