Gələn il istehlak kreditlərinin faizləri aşağı düşəcək? - İQTİSADÇI AÇIQLADI

23 Dekabr 2025 17:20 (UTC+04:00)

2026-cı ildə istehlak kreditləri üzrə faiz dərəcələrinin aşağı düşüb-düşməyəcəyi məsələsi müzakirə mövzusudur. Maraqlıdır, 2026-cı ildə istehlak kreditlərinin faizləri aşağı düşə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması bank sektorunda prioritet məsələlərdən biridir:

“Hazırda istehlak kredit portfeli 8 milyard manatdan çoxdur. Bu da o deməkdir ki, hazırda 2 milyondan çox vətəndaşın istehlak krediti var. Bu baxımdan istehlak kreditlərinin faizlərinin optimallaşdırılması və azaldılması olduqca vacibdir. İstehlak kreditlərinin faizlərinin yüksək olması həm də problemli kreditlərin həcminə təsir göstərir. Təəssüf ki, biz 2025-ci ildə problemli kreditlətin həcmində də artım müşahidə etdik. 2026-cı ildə istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması üçün Mərkəzi Bank tərəfindən fəaliyyətlərin genişləndirilməsi xüsusilə kommersiya banklarının daha ucuz kreditlərə çıxış imkanlarının artırılması vacibdir. Müşahidələr göstərir ki, gələn il istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması ilə bağlı fəaliyyətinin genişləndirilməsi, bank sektorunda dayanıqlılığın daha da artırılması prioritet olaraq qalır”.