“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olundu. Bilirsiniz ki, Azərbaycan məhz şəhərsalma və memarlıq sahəsinə çox böyük diqqət ayırır və uzun illərdir tarixi-mədəni abidələrimizin qorunması, bərpa edilməsi, restavrasiya olunmasına önəm verilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu proseslərdə həm aidiyyəti qurumlarımız, xüsusilə də Heydər Əliyev Fondu öncül sıralarda yer alır və mədəni irsin qorunmasına, xüsusilə də tarixi abidələrimizin saxlanılmasına böyük önəm verilir:
“Bütün bunlarla yanaşı, 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması, həmin ərazilərdə tarixi memarlıq abidələrinin qorunması və bərpası ilə yanaşı, tamamilə dağıdılmış rayonlarımızda yeni şəhərlərin və qəsəbələrin inşasına da başlanılıb. Bir sözlə, Azərbaycan yeni dövrün çağırışlarına cavab verərək, ağıllı şəhər və kənd layihələrini bu ərazilərdə həyata keçirib. Eyni zamanda, Azərbaycanın böyük şəhərlərində də ağıllı şəhər komponentlərinin tətbiqinə başlanılıb. Azərbaycan şəhərsalma və memarlıq sahəsində böyük irəliləyişə imza atıb və bu gün Azərbaycanın təqdim etməyə böyük işləri var. Düşünürəm ki, 2026-cı ildə bu sahəyə xüsusi diqqət ayırmaqla çağırışlara cavab verəcəyik. Eyni zamanda, digər şəhər və rayonlarımızda da mühüm işlər görüləcək, tarixi-mədəni abidələrimizin qorunmasına diqqət daha da artırılacaq. Şəhərlərin baş planlarının müasir dövrün tələblərinə cavab verəcək şəkildə yenidən işlənməsi həyata keçiriləcək. Baş planları təsdiqlənmiş şəhərlərdə isə bu işlərin ardıcıl şəkildə reallaşması mümkün olacaq.
Hazırda bu Sərəncamla bağlı xüsusi layihə hazırlanır və inanıram ki, həmin layihə ilə daha yaxından tanış olduqdan sonra biz 2026-cı illə bağlı fəaliyyət proqramının icrasına başlaya biləcəyik”.