Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Bayram ərəfəsinə görə isə daha çox hinduşkaya üstünlük verilir. Bəs, hinduşka və ya toyuq alarkən nələrə diqqət etmək lazımdır ?
Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, toyuq əti qida rasionumuzda ən çox istifadə etdiyimiz qida məhsullarındandır:
“Artıq bayram ərəfəsində qərbdən gələn ənənəyə görə ailə süfrələrində daha çox hinduşkaya üstünlük verilir. Hər iki məhsul faydalı zülal mənbəyidir. Amma düzgün seçilmədikdə ciddi sağlamlıq riskləri yarada bilər. Buna görə də toyuq, hinduşka alarkən bəzi vacib məqamlara xüsusi diqqət yetirməliyik. İlk növbədə məhsulun satış şəraitinə baxmaq lazımdır. Toyuq və hinduşka əti yalnız soyuducu vitrinlərdə +0 ilə +4 dərəcə temperaturda saxlanılmalıdır. Açıq havada, günəş şüası altında, üzəri örtülmədən satılan ətlər təhlükəlidir. Belə şəraitdə mikroorqanizmlər sürətlə çoxalır və zəhərlənmə riski artır. Ətin xarici görünüşü də mühüm göstəricidir. Təzə toyuq və ya hinduşka əti açıq çəhrayı rəngdə olmalı, üzərində selik, ləkə və ya qaralma olmamalıdır. Əgər ət yapışqan hiss edilirsə, rəngi bozarmış, yaşıl çalara dönürsə, məhsulun xarab olduğunun əlamətidir. Qoxu da çox vacibdir. Kəskin, turş, xoşagəlməz qoxu hiss edilirsə, həmin məhsul qətiyyən alınmamalıdır.
Qablaşdırılmış məhsullar alarkən etiket məlumatları diqqətlə oxunmalıdır. İstehsal tarixi, son istifadə müddəti, saxlanma şərtləri və istehsalçı məlumatları aydın şəkildə göstərilməlidir. Son istifadə tarixinə az qalmış məhsulları almaq tövsiyə olunmur. Dondurulmuş ətlərdə isə buz qatının çoxluğu məhsulun dəfələrlə əridilib yenidən dondurulduğunu göstərə bilir. Hinduşka və toyuğun dondurulma vəziyyəti də vacibdir. Əgər məhsul dondurulubsa, evə gətirilən kimi yenidən dondurulması məsləhət deyil. Əridilmiş ət tez bişirilməli və uzun müddət gözlədilməməlidir. Etmədikdə bakterial risk yüksəlir. Əti aldığımız zaman satış yerinin təmizliyi və satıcının gigiyenası da nəzərə alınmalıdır. Əlcəksiz işləyən, eyni bıçaqla müxtəlif məhsulları doğrayan satıcılar çarpaz çirklənmə riski yaradır. Bu hal xüsusilə çiy quş ətində təhlükəlidir”.