“Bu ərazilərdə müasir və klassik üslubun sintez olunduğu layihələr reallaşdırılır” - ŞƏRH

23 Dekabr 2025 16:57 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyev növbəti ilin “Şəhərsalma və memarlıq” ili olması ilə bağlı sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlərin həlli üçün konkret tapşırıqlar verilib. 2026-cı ildə bu sahədə bir sıra vacib tədbirlərin keçirilməsi planlaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ən əsas tədbir 13-cü Ümumdünya Şəhərsalma Forumudur ki, bu da 17–22 may tarixlərində Bakıda keçiriləcək:

“Forum urbanizasiya, şəhərsalma siyasəti və dayanıqlı inkişaf mövzularına həsr olunacaq və BMT-nin bu sahədə ən böyük qlobal tədbiridir.

Tədbirə dövlət və hökumət rəsmiləri, mütəxəssislər, ekspertlər, alimlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin qatılacağı gözlənilir. Forumda dayanıqlı və təhlükəsiz şəhərlər mövzusu ön planda olacaq.

Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan şəhər və kəndlərin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, ekoloji və infrastruktur məsələlərini şəhər baş planlarına uyğun şəkildə həyata keçirir. Bu ərazilərdə müasir və klassik üslubun sintez olunduğu layihələr reallaşdırılır.

Forumla yanaşı il ərzində yerli və beynəlxalq konfranslar, master-klasslar, regionlarda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində tədbirlər nəzərdə tutulur. Şəhərsalma ilə bağlı məsələlər, alternativ enerji, ekoloji standartlar və urbanizasiya elmi və praktiki tərəfdən müzakirə olunacaq. Bakı şəhərində “Ağ şəhər”, “Seebreeze” layihələri müasir memarlığın nümunəsi kimi qeyd olunur. Gələcəkdə bu konsepsiyalar bölgələrdə də tətbiq ediləcək. Bakı şəhərində nəqliyyat, infrastruktur və tıxac problemləri də tədbirlərdə müzakirə ediləcək”.