AQTA orta və kiçik sahibkarlıq subyektlərini HACCP sistemini tətbiq etməyə çağırıb

23 Dekabr 2025 16:21 (UTC+04:00)

Orta və kiçik sahibkarlıq subyektləri 2026-cı il iyunun 30-dək öz qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemini qurmalıdır.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatə və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburidir. HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Sistem qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

Agentlik qeyd edib ki, iri sahibkarlıq subyektlərində HACCP-ın tətbiqi başa çatıb.

“Artıq bu müəssisələrdə aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır. 2026-ci il iyunun 30-dan isə orta və kiçik sahibkarlıq subyektlərində sistem tətbiq olunmayan müəssisələrdə qanunvericiliyə uyğun tədbirlər görüləcək. Agentlik bir daha bütün orta və kiçik sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırır”, - deyə məlumatda qeyd olunub.