"Son günlər uşaqlar arasında sürətlə yayıldığı iddia olunan virusla bağlı narahatlıqlar anlaşılandır. Mövcud vəziyyətə tibbi baxımdan daha soyuqqanlı və faktlara əsaslanan yanaşmaq vacibdir. Uşaqlarda dövri olaraq yayılan virus infeksiyalarının əksəriyyəti mövsümi xarakter daşıyır və immun sistemi tam formalaşmamış uşaqlarda daha tez-tez müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında pediatr-həkim Təranə Marufova deyib.
Onun sözlərinə görə, bu cür virusların böyük hissəsi vaxtında və düzgün nəzarət edildikdə ağır fəsadlar törətmədən sağalır: "Tibbi müşahidələrə əsasən, hazırda uşaqlar arasında yayıldığı deyilən virusların əksəriyyəti yuxarı tənəffüs yollarını təsir edən infeksiyalar və ya mədə-bağırsaq mənşəli viruslardır. Real təhlükə səviyyəsi əsasən uşağın yaşı, ümumi sağlamlıq vəziyyəti və xroniki xəstəliklərinin olub-olmamasından asılıdır. Sağlam uşaqlarda bu infeksiyalar adətən yüngül və orta ağır gedişə malik olur. Valideynlər xüsusilə bəzi əlamətlərə diqqətli yanaşmalıdırlar. Uzun müddət davam edən yüksək hərarət, halsızlıq, iştahasızlıq, qusma və ya ishalın şiddətlənməsi, nəfəs darlığı, öskürəyin ağırlaşması, dəridə səpkilər, eləcə də uşağın adi davranışından kəskin fərqli reaksiyalar göstərməsi həkimə müraciət üçün ciddi siqnallardır. Xüsusilə 3 yaşadək uşaqlarda simptomlar daha diqqətlə izlənilməlidir. Profilaktik tədbirlər isə hələ də ən effektiv qoruyucu mexanizm olaraq qalır. Uşaqlara tez-tez əllərin yuyulmasının öyrədilməsi, qapalı və sıx məkanlarda gigiyenik qaydalara əməl olunması, xəstə uşaqların kollektivdən müvəqqəti uzaq saxlanılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda balanslı qidalanma, kifayət qədər maye qəbulu və yuxu rejiminin qorunması immun sisteminin güclənməsinə kömək edir. Valideynlər uşaqlara həkim məsləhəti olmadan antibiotik və ya digər dərmanlar verməkdən çəkinməlidirlər. Cəmiyyətdə yaranan panika əvəzinə maarifli yanaşma və vaxtında tibbi nəzarət daha düzgün yoldur. Əksər hallarda sadə profilaktik tədbirlər və həkim tövsiyələrinə əməl etməklə uşaqları mümkün risklərdən qorumaq mümkündür".