“Avropa Parlamenti regionun digər ölkələrindəki ciddi problemləri görməzlikdən gəlir” - DEPUTAT DANIŞDI

23 Dekabr 2025 14:44 (UTC+04:00)

“Avropa Parlamenti yenidən faktiki olaraq Azərbaycanın milli məhkəmə sisteminə öz qiymətləndirmələrini sırımağa çalışır və beynəlxalq hüququn əsas prinsiplərindən biri olan, "daxili işlərə qarışmama prinsipini" nəzərə almır”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli bildirib.

O, qeyd etdi ki, ayrı-ayrı işlərin təbliğat xarakterli “keys”lərə çevrilməsi və onların əsasında vahid narrativin qurulması həqiqətin axtarışı deyil, əvvəlcədən yazılmış ssenaridir:

“Avropa Parlamentinin oktyabrın 18-də qəbul etdiyi növbəti qətnamə Azərbaycana qarşı qərəzli sənədlər silsiləsinin davamıdır. Bu sənədi insan hüquqlarının müdafiəsinə deyil, növbəti dəfə suveren dövlətin daxili işlərinə təzyiq və müdaxilə kimi dəyərləndirmək olar.

Avropa Parlamenti regionun digər ölkələrindəki ciddi problemləri nümayişkaranə şəkildə “görməzlikdən gəlir”, lakin eyni zamanda Azərbaycanın üzərinə sistemli hücumlar edir- halbuki Azərbaycan Avropanın enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı baxımından strateji əhəmiyyətli layihələri təmin edən ölkədir. Bu ikili standartlar xətti dəyərlərin müdafiəsindən çox, danışıqlarda siyasi şərtlər irəli sürmək və təsir rıçaqları əldə etmək cəhdi təsiri bağışlayır.

Qətnamədəki sanksiya mexanizmlərinə işarələr də qəbuledilməzdir. Siyasi interpretasiyalara əsaslanan sanksiyalar insan hüquqlarını və hüququn aliliyini möhkəmləndirmir, əksinə, dialoqu mümkünsüz edir, qarşıdurmanı təşviq edir və Avropa institutlarına obyektiv tərəfdaş kimi etimadı sarsıdır.

Bundan əlavə, “dəyərlər” barədə nəsihətləri son illərdə dəfələrlə korrupsiya qalmaqalları, lobbiçiliklə bağlı araşdırmalar və qərarların qəbulunda şəffaflıqla bağlı ciddi suallar fonunda gündəmə gəlmiş bir institutdan eşitmək son dərəcə ikrah doğurur. Onlar öz sıralarında korrupsiya və maraqlar toqquşması ilə bağlı problemləri həll edə bilmədiyi halda, digər ölkələrə “hökm” oxumaq cəhdləri prinsipiallıqdan deyil, ikiüzlülükdən xəbər verir.

Qətnamə qəbul olunan eyni gündə, Avropa İttifaqına üzv dövlətlərin liderlərinin sammiti zamanı 27 ölkədən olan minlərlə fermer Brüsselin mərkəzi küçələrinə axışıb Cənubi Amerika ölkələri ilə ticarət sazişinə qarşı olaraq bərabər şərtlər və bürokratiyanın azaldılmasını tələb ediblər. Brüsselin mərkəzində ciddi iğtişaşlar baş verib.
Öz daxili problemlərinizin həlli ilə məşğul olun, bu da bizim onlara olan tövsiyyəmizdir.

Azərbaycanla nəsihətlər,xüsusilə də ultimatumlar dili ilə danışmağa heç kimin haqqı yoxdur.
Biz Avropa strukturlarından ölkəmizin suverenliyinə hörmət, siyasi şantajdan imtina və peşəkar, qarşılıqlı hörmətə əsaslanan dialoqa qayıdış gözləyirik. Əks halda ümumiyyətlə heç bir dialoqdan söhbət gedə bilməz”