"Texnologiyanın insaniləşməsi qismən mümkündür, amma burada incə bir fərq var. Texnologiya insan kimi hiss etmir, sadəcə insan kimi davranmağı təqlid edir". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, yəni bizə elə gəlir ki, cihaz başa düşür, hiss edir, amma əslində o, böyük məlumat bazası və mürəkkəb alqoritmlər hesabına uyğun cavabı seçir: "Bu proses texnologiyanın “ağıllı” görünməsinə səbəb olur, amma onun əsasında həqiqi duyğu və şüur yoxdur.
Bu gün insaniləşməni daha çox iki sahədə müşahidə edirik: ünsiyyətdə və dizaynda. Süni intellektlə söhbət edərkən sanki canlı bir insanla danışırsan; səsli köməkçilər intonasiyaları ilə danışır, tətbiqlər isə bizim zövqümüzü və vərdişlərimizi öyrənərək öz funksiyalarını ona uyğunlaşdırır.
Bu, texnologiyanın müxtəlif yaş qrupları və istifadəçi kateqoriyaları üçün daha əlçatan olmasını təmin edir. Yaşlı insan üçün istifadəsi sadə və aydın olur, uşaq üçün maraqlı və intuitiv, iş adamı üçün isə sürətli və funksionaldır. Yəni texnologiya insana uyğunlaşır və buna görə də biz onu insaniləşmiş kimi qəbul edirik.
Amma risk də elə buradadır. Texnologiya nə qədər insana bənzəsə, insanlar bir o qədər ona emosional bağlana və hətta onu real münasibətlərin yerinə qoya bilər. Məsələn, kiminsə dərdini dinləyən bir süni intellekt rahatlıq verə bilər, amma yenə də bu, həqiqi empatiya deyil, sadəcə proqramlaşdırılmış cavabdır. Ona görə bu sahədə etik çərçivənin müəyyən edilməsi vacibdir; istifadəçi bilməlidir ki, qarşısındakı insan deyil, alətdir. Bu, həm istifadəçinin emosional təhlükəsizliyini qoruyur, həm də texnologiyanın məsuliyyətli istifadəsini təmin edir".