"Çoxmənzilli yaşayış binalarında təmir işləri zamanı səs-küy məsələsi uzun illərdir vətəndaşların haqlı narazılığına səbəb olur. Bu mövzu həm məişət rahatlığı, həm də hüquqi tənzimləmə baxımından ciddi yanaşma tələb edir". Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində və yerli icra praktikasında yaşayış məkanlarında səs-küyün yol verilən hədləri və vaxt çərçivəsi aydın şəkildə müəyyən olunub: "Ümumilikdə, çoxmənzilli binalarda təmir işlərinin əsasən iş günləri ərzində, səhər saatlarından axşam saatlarınadək aparılması tövsiyə və tələb olunur. Şənbə, bazar və rəsmi istirahət günləri isə sakinlərin dincəlməsi üçün nəzərdə tutulduğundan bu günlərdə yüksək səs-küy yaradan təmir işləri məhdudlaşdırılır və ya tamamilə yolverilməz hesab olunur. Xüsusilə divarların deşilməsi, beton qırılması, ağır texnika və səsli alətlərin istifadəsi istirahət günlərində “ictimai asayişin pozulması” kimi qiymətləndirilə bilər. Belə hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq səs-küy salan şəxslər barəsində xəbərdarlıq, təkrar və ya ağır hallarda isə cərimə tədbirləri tətbiq olunur. Burada əsas meyar səsin intensivliyi, vaxtı və digər sakinlərin normal yaşayış hüququnun pozulub-pozulmamasıdır.
Vətəndaşlar belə hallarla qarşılaşdıqda ilk növbədə bina idarəedicisinə, MTK-ya və ya mənzil-istismar sahəsinə müraciət edə bilərlər. Problem həll olunmazsa, polis orqanlarına və ya yerli icra hakimiyyətinin müvafiq strukturlarına məlumat vermək hüququ mövcuddur. Praktikada ən effektiv mexanizm məhz polisə müraciət hesab olunur, çünki səs-küy faktı yerində qeydə alınır və hüquqi qiymət verilir. Nəticə etibarilə, təmir edən şəxslər də, digər sakinlər də bilməlidir ki, çoxmənzilli binada yaşamaq qarşılıqlı hörmət və qanunlara riayət tələb edir. İstirahət günlərində səssizliyə əməl olunması yalnız hüquqi tələb deyil, həm də sosial məsuliyyətdir".