“Dövlət suverenliyinin bərpası xalqımız üçün tarixi və qürurverici hadisədir” - DEPUTAT DANIŞDI

23 Dekabr 2025 14:17 (UTC+04:00)

”Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasi iradəsi və xilaskarlıq missiyası ilə birbaşa bağlıdır”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi altında qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçilik sistemimizin möhkəm hüquqi əsaslarını formalaşdırmışdır:

”Bu strateji siyasi xəttin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, qətiyyətli və düşünülmüş siyasəti, eləcə də Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı nəticəsində Vətən müharibəsində tarixi Zəfər qazanılmış, eyni zamanda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmişdir. Dövlət suverenliyinin bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində bərqərar olması xalqımızın çoxəsrlik tarixində mühüm və qürurverici hadisə kimi dəyərləndirilir. Bu baxımdan humanizm və mərhəmət prinsiplərinə sadiq qalaraq cəzadan azad etmə institutunun tərbiyəvi mahiyyəti xüsusi önəm kəsb edir.

Amnistiya aktının layihəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hərbi təxribatlar nəticəsində əlillik almış şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulur. Eyni zamanda qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər kateqoriyadan olan şəxslər də amnistiyanın əhatə dairəsinə daxil edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən bu Amnistiya aktının tətbiq olunacaq şəxslərin sayına, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların miqyasına görə ölkə tarixində ən geniş amnistiya aktlarından biri olacağı gözlənilir.

Bütün bunlar Azərbaycan dövlətinin hər zaman humanizm dəyərlərinə sadiq qaldığını, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğunu, eyni zamanda cəmiyyət həyatında mənəvi dəyərlərə verilən yüksək önəmin bariz ifadəsi olduğunu bir daha təsdiqləyir”