Azərbaycan bölgələrində 6 DOST Mərkəzi tikilir

23 Dekabr 2025 14:14 (UTC+04:00)

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır.

SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında qeyd olunub.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən dövrdə DOST Agentliyi, Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində "Smart DOST" məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial xidmətlərin "bir pəncərə"dən, müasir, çevik və tam şəffaf mexanizmlərlə təqdim olunmasına imkan yaratdığı vurğulanıb. DOST mərkəzlərində ötən dövrdə 4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,7 faiz olduğu qeyd edilib.

Azərbaycanın hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunacağı diqqətə çatdırılıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyəti ilə bağlı 2025-ci il üzrə hesabatı təqdim edib.

İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, strateji hədəflər və prioritet məsələlər müzakirə olunub.