“Vətəndən Vətənə məktublar”

23 Dekabr 2025 12:30 (UTC+04:00)

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında yalnız söz ustası kimi deyil, həm də milli düşüncənin, mənəvi müqavimətin və vətəndaş məsuliyyətinin daşıyıcısı olan böyük bir şəxsiyyət kimi tarixə düşmüşdür. Onun poeziyası bədii-estetik dəyərdən kənara çıxaraq ictimai şüurun formalaşmasında, milli kimliyin qorunmasında və azadlıq ideyalarının yaşadılmasında mühüm missiya daşımaqdadır. Bəxtiyar Vahabzadə üçün şair olmaq sadəcə yaradıcılıq aktı deyil, xalq qarşısında vicdan borcu, zamanın suallarına cavab vermək cəsarəti idi. O, sözün gücünü silah, qələmi isə vətəndaş mövqeyinin ifadə vasitəsinə çevirərək ədəbiyyatla cəmiyyət arasında canlı körpü yaratmışdır. Məhz bu baxımdan onun yaradıcılığı şair-vətəndaş anlayışının Azərbaycan ədəbiyyatındakı ən parlaq və prinsipial təcəssümlərindən biri kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı müasir Azərbaycan dövlətinin mədəni siyasətində söz və mədəniyyət xadimlərinin roluna verilən yüksək dəyərin bariz nümunəsidir.

Bu sərəncamla dövlət başçısı XX əsrin ən böyük Azərbaycan ziyalılarından biri — Xalq şairi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyini dövlət səviyyəsində qeyd etməyi qərara almışdır. Belə bir qərarın verilməsi yalnız yubiley tədbirlərinin təşkilinə yol açmaqla məhdudlaşmır, həm də Vahabzadə yaradıcılığının dövlət üçün strateji mədəni və ideoloji əhəmiyyətini rəsmi şəkildə təsdiqləyir.
Sərəncamda vurğulanır ki, Bəxtiyar Vahabzadə mübariz həyatı, vətənə və ana dilinə sonsuz məhəbbəti ilə Azərbaycan ədəbiyyatı və ictimai fikrində parlaq iz qoymuşdur. Onun poetik-fəlsəfi irsi milli mədəni-mənəvi dəyərlərə hörmət, milli azadlıq və istiqlal ideallarına sədaqət hissi ilə zənginləşərək bir neçə nəslin təfəkkürünün formalaşmasına təsir göstərmişdir.

100 illik yubiley tədbirləri çərçivəsində şairin irsinin yenidən nəzərdən keçirilməsi, onun dünya və milli ədəbi kontekstdə tutduğu yerin möhkəmləndirilməsi və müasir cəmiyyət üçün önəmli mesajlarının — vətənpərvərlik, milli şüur və ictimai məsuliyyət kimi dəyərlərin – yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yubiley tədbirləri konfrans və simpoziumlar, ədəbi-bədii gecələr və çoxsaylı kitabların nəşri ilə yadda qaldı. İşıq üzü görən bu nəşrlər arasında biri daha çox diqqətimizi çəkir. Bu, şairin gəlini, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevanın tərtib etdiyi “Vətəndən Vətənə məktublar” adlı kitabdır. Rəna xanım kitabın geniş müqəddiməsinin və transliterasiyaların da müəllifidir. Kitabın elmi məsləhətçisi akademik Gövhər Baxşəliyevadır.

“Onun yaradıcılığı Arazın iki sahilində bir-birinə baxan qardaş gözləri kimidir – həsrət dolu, amma ümidli. Onun yaradıcılığında Arazın sahilində həsrət qovrulur, dağlar gur səsli bir himn kimi ucalır. Şairin qələmi yalnız kağıza deyil, yaddaşımıza da yazırdı – kimliyimizi, birliyimizi, sabaha inamımızı”- deyə yazan Rəna xanım oxucuda kitabın hansı nəsnələrdən bəhs edəcəyi haqqında ilkin təsəvvür yaradır.

Azərbaycan ədəbiyyatında ikiyə bölünmüş Azərbaycan mövzusu milli yaddaşın ən ağrılı, eyni zamanda ən müqavimətli qatlarını ifadə edən əsas ideya xəttinə çevrilmişdir. Bu mövzu xalqın tarix qarşısında yaşadığı faciələri, lakin bütün sınaqlara baxmayaraq milli birliyə olan sarsılmaz inamını, ana dilinə və mədəni irsinə sədaqətini bədii düşüncənin mərkəzinə gətirir. Parçalanmış vətən obrazı azadlıq ideyasını, torpaq, dil və kimlik uğrunda aparılan mənəvi və fiziki mübarizəni əks etdirən zəngin ədəbi nümunələrdə öz dolğun ifadəsini taparaq Azərbaycan ədəbiyyatında xüsusi və davamlı bir mövqe qazanmışdır. Bu xüsusda “ikiyə bölünmüş Azərbaycan” mövzusunun Bəxtiyar Vahabzadə yaradıcılığında da ön planda olduğunu görürük. Rəna Xanım yazır: “Bəxtiyar Vahabzadə yaradıcılığında o tay Azərbaycanla bağlı əsərlərdə güclü emosional təsir, milli kimlik və azadlıq ideyası ön plandadır.” Bəxtiyar Vahabzadənin poeziyasında Cənub mövzusu sadəcə coğrafi anlayış deyil, milli yaddaşın qanayan yarası, tarixi ədalətsizliyin poeziyaya çevrilmiş fəryadıdır. Şair bu mövzuya müraciət edərkən nə romantik nostalgiya ilə kifayətlənir, nə də siyasi şüarçılığa yuvarlanır. Onun Cənub haqqında yazdıqları xalqın bölünmüş taleyinin poetik salnaməsidir.

XIX əsrdə baş vermiş tarixi parçalanma – Arazın iki sahilinə ayrılmış Azərbaycan gerçəyi Vahabzadə yaradıcılığında dərin fəlsəfi və emosional çalarlarla təqdim olunur. Şair üçün Araz sadəcə çay deyil; o, bir millətin sinəsindən çəkilmiş sərhəd xəttidir. Bu xətt Vahabzadənin şeirlərində bəzən nalə, bəzən üsyan, bəzən də səssiz qürur kimi səslənir.
Bəxtiyar Vahabzadənin Cənub mövzusunda yazdığı poemalar və şeirlər milli özünüdərk ideyasının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə “Gülüstan” poeması bu baxımdan Azərbaycan poeziyasının taleyüklü əsərlərindən biridir. “Gülüstan”da şair 1813-cü il müqaviləsinin yaratdığı faciəni təkcə tarixi fakt kimi deyil, xalqın mənəvi faciəsi kimi təqdim edir. Bu poema sovet ideoloji sərhədlərini aşaraq, milli düşüncənin səsini ucaldan cəsarətli bir sənət hadisəsi idi.
Vahabzadənin Cənubla bağlı şeirlərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, mədəniyyət və kimlik uğrunda mübarizəsi xüsusi həssaslıqla əks olunur. Şair bu insanları “başqa ölkənin vətəndaşı” kimi deyil, “yarım qalmış taleyin davamı” kimi görür. Onun poeziyasında Cənub susmur — danışır, soruşur, haqq tələb edir.
Bu əsərlərdə diqqətçəkən əsas cəhətlərdən biri də Vahabzadənin Cənub mövzusunu ümummilli problem səviyyəsinə qaldırmasıdır. O, Cənub dərdini lokal ağrı kimi yox, bütöv Azərbaycanın vicdan məsələsi kimi təqdim edir. Şairin qələmində bu mövzu siyasi sərhədləri aşaraq mənəvi bütövlüyə çağırışa çevrilir.

Bəxtiyar Vahabzadə üçün poeziya yalnız estetik zövq vasitəsi deyil, həm də milli məsuliyyət formasıdır. Cənub mövzusunda yazdığı əsərlər bunun ən parlaq sübutudur. Bu şeirlərdə şair xalqın dilində danışır, xalqın dərdini deyir və xalqın gələcək ümidini qoruyur.

Kitabın geniş müqəddiməsində Bəxtiyar Vahabzadənin Cənub mövzusunda qələmə aldığı poema və şeirləri təhlil süzgəcindən keçirən müəllif mütəfəkkir şairin qələmindən çıxan bu nümunələrin Azərbaycan ədəbiyyatında milli yaddaşın, tarixi ədalət axtarışının və mənəvi bütövlük ideyasının poetik manifesti olduğunu oxucuya çatdıra bilib . Və akademik Nizami Cəfərovun Bəxtiyar Vahabzadə haqqında yazdıqları ilə fikrini daha da qüvvətləndirib: “Azərbaycanın Şimalı ilə Cənubunun birliyi uğrunda 50-ci illərdən etibarən ardıcıl mübarizə aparmış üç nəfər varsa, biri Bəxtiyar Vahabzadədir; iki nəfər varsa, biri B.Vahabzadədir; əgər bir nəfər varsa, yenə Bəxtiyar Vahabzadədir!”

Kitabın birinci bölümünü tərtibçi-müəllif “Gülüstan”dan “İstiqlal”a 40 il uzunluğunda yol” adlandırıb və burada şairin 60-a yaxın Cənub mövzulu poetik nümunəsini toplayıb: “Aylı gecələr” (poema,1947), “Cənublu bacıma” (1951), “Vətəndən Vətənə” (1962), “Yollar-oğullar” (poema, 1962-63), “Şəhriyara” (1965), “Səhəndə məktub” (1968, tam mətn), “Bakıyla Təbrizin arasındayam” (1969), “Sahirə cavab” (1971), “Mərziyə” (poema, 1984), “Yasəmən üçün” (1989), “İstiqlal” (1999), “Artıq zəngə dönüb zəncirin səsi” (2001) və s.

Beləliklə, şeirlərdən də göründüyü kimi, kitabın bu bölümü Bəxtiyar Vahabzadənin Cənub mövzusuna münasibətinin poetik xronikasını yaradır. “Gülüstan” ağrısından başlayan və “İstiqlal” ideyasına qədər uzanan bu 40 illik yol şairin milli yaddaş, bölünmüş Vətən, tarixi ədalətsizlik və azadlıq amalına sədaqətinin bədii ifadəsidir. Onun Cənubla bağlı şeirlərində şəxsi hisslə ümummilli taleyin, lirika ilə publisist pafosun, nisgillə ümidin vəhdəti aydın görünür. Vahabzadə bu poetik nümunələrdə yalnız coğrafi sərhədləri deyil, zamanın və siyasi maneələrin çəkdiyi mənəvi sədləri də aşmağa çalışır; Təbrizlə Bakını, Arazın bu tayını o tayı ilə sözün gücü vasitəsilə birləşdirir. Bu baxımdan bölmə, şairin yaradıcılığında Cənub mövzusunun ideya-bədii zirvəsini, onun istiqlal düşüncəsinin poetik yekununu əks etdirən bütöv və təsirli bir sonluq kimi dəyərləndirilə bilər.

Kitabın “Müsahibə və məqalələr” adlı ikinci bölməsində şairin bir neçə müsahibəsi və “Dilimiz – ədəbiyyatımız”, “Rüstəm körpüsü”, “Dostum Cavad Heyət” və “Ağır illər nəğməkarı” adlı məqalələri yer alıb.

“Vətəndən Vətənə məktublar” adlanan üçüncü bölmə kitabın ən maraqlı bölməsidir desək, yanılmarıq. Burada doktor Cavad Heyətdən, Laşım Təbrizlidən, Məhəmməd Hüseyn Şəhriyardan, Əhməd Azərludan, Qulamhüseyn Beqdelidən, Hürriyə Xurşudilərdən, Vəhab Mənafi Fəriddən, Pirahi Negabidən, Sönməzdən, Fəraməz Dehqanidən, Mənuçehr Əzizidən və digər güneyli ədiblərimizdən, həmçinin müxtəlif təşkilatlardan Bəxtiyar Vahabzadəyə ünvanlanmış məktubların orijinal şəkilləri və transliterasiyaları yer alır. Qeyd etdiyimiz kimi, transliterasiyaların müəllifi Rəna xanım Rzayevadır.

Kitabın diqqət çəkən məqamlarından biri də burada yer alan şairin özünün və kitablarının arxiv şəkilləridir. Şəkidə fəaliyyət göstərən Bəxtiyar Vahabzadənin ev-muzeyini ziyarət etmiş güney azərbaycanlı Eyyub Poladın, Ehsan Misaginin, Yusif Niyarlının muzeyin xatirə kitabına yazdıqları sözlər də maraq doğurur.

Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min bir də bitən var.
Şükr eyləyəlim ki,
Bizdən həm əvvəl,
Həm sonra Vətən var.

Azərbaycan ədəbiyyatında ikiyə bölünmüş Azərbaycan mövzusu milli yaddaşın ən ağrılı, eyni zamanda ən müqavimətli qatlarını ifadə edən əsas ideya xəttinə çevrilmişdir. Bu mövzu xalqın tarix qarşısında yaşadığı faciələri, lakin bütün sınaqlara baxmayaraq milli birliyə olan sarsılmaz inamını, ana dilinə və mədəni irsinə sədaqətini bədii düşüncənin mərkəzinə gətirir. Parçalanmış vətən obrazı azadlıq ideyasını, torpaq, dil və kimlik uğrunda aparılan mənəvi və fiziki mübarizəni əks etdirən zəngin ədəbi nümunələrdə öz dolğun ifadəsini taparaq Azərbaycan ədəbiyyatında xüsusi və davamlı bir mövqe qazanmışdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevanın Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş “Vətəndən Vətənə məktublar” kitabı Azərbaycan ədəbiyyatında yalnız bir tədqiqat nümunəsi deyil, milli ruhun, mənəvi bütövlüyün və tarixi yaddaşın dərin məzmunlu bədii-elmi təcəssümüdür. Bu əsər milli birliyin, ana dilinə və mədəni irsə sonsuz məhəbbətin, eləcə də böyük şairin ocağına sədaqətin əbədi rəmzi kimi ədəbiyyatımızda özünə layiqli yer tutacaqdır. Şübhəsiz ki, milli düşüncəyə, Vətən ideyasına və sözün müqəddəsliyinə dəyər verən hər bir oxucu üçün bu kitab təkcə oxunan deyil, həm də mənəvi ehtiyac kimi qəbul ediləcək, öz geniş və davamlı oxucu auditoriyasını tapacaqdır.

Şəhla Tahirqızı,
filologiya üzrə fəlsəfə doktoru, dosent