”İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2025-ci ilə həsr olunmuş mətbuat konfransı yalnız hesabat xarakteri daşımır, eyni zamanda yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir”.
SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud 2025-ci ildə İçərişəhər fəaliyyətini yeni yanaşmalar əsasında quraraq, birgə qərarvermə prinsiplərinə söykənən idarəetmə modelinə keçid etdiyini bildirib:
“Bu modelin əsas məqsədi təkcə infrastrukturun təkmilləşdirilməsi deyil, eyni zamanda idarəetmə mədəniyyətini də müasirləşdirib. Sözügedən yanaşma ölkədə həyata keçirilən strateji inkişaf planlarına tam şəkildə uyğunlaşdırılıb”.
Rüfət Mahmud vurğulayıb ki, Prezident İlham Əliyevin milli-mədəni irsin qorunmasının gələcək nəsillər qarşısında məsuliyyət olması ilə bağlı mövqeyi bu istiqamətdə aparılan fəaliyyətin ideoloji əsasını təşkil edir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdikləri davamlı diqqət və qayğı İçərişəhərdə həyata keçirilən layihələrə əlavə dinamizm qazandırıb.
Bildirilib ki, İçərişəhərdə atılan hər bir addım dövlət dəstəyinin real nəticəsidir. 2025-ci il bu baxımdan əlamətdar olub və İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi ilə yadda qalıb. Yubiley çərçivəsində il ərzində silsilə tədbirlər təşkil edilib, o cümlədən UNESCO-nun Paris şəhərində yerləşən baş qərargahında genişmiqyaslı tədbir keçirilib. Həmin tədbirdə İçərişəhərdə görülmüş işlər, həyata keçirilən layihələr və qoruma strategiyaları beynəlxalq ictimaiyyətə təqdim olunub”