Artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır.
SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən sözügedən investisiya forumunda bildirib.
"Ümidvaram ki, Forum çərçivəsində aparılacaq müzakirələr konkret investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinə yol açacaq. Dünən dəyərli qardaşım Cevdet Yılmazla biz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını çox uğurla keçirdik. Ticarət-iqtisadi əlaqələrimizin gündəliyində duran aktual məsələləri müzakirə etdik, qarşılıqlı prioritet təşkil edən sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.
Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşmək üçün bir araya gəlmişik. Ümidvarıq ki, bugünkü görüş biznes cəmiyyətlərimiz üçün faydalı olacaq, ölkələrimiz tərəfindən yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcək", - deyə o qeyd edib.
Hökumət başçısı tədbirin Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib: "Forumun işinə uğurlar arzulayır, Azərbaycan və Türkiyənin sahibkarlarını hər iki ölkənin zəngin iqtisadi potensialından yararlanmağa və daha aktiv fəaliyyətə dəvət edirəm".