Uşaqlıqdan hamımıza tanış olan, kitabını oxuduğumuz və filmini izlədiyimiz “Qaraca qız” teatr səhnəsində tamaşaçıya təqdim edilib. Bu tamaşada Qaraca qızın kukla obrazını canlandırıram. Onun başına gələn bütün hadisələr həyat sevgisinə, cəsarətinə və qorxmazlığına təsir edə bilmir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrında səhnəyə qoyulan “Qaraca qız” əsərinin əsas obrazını canlandıran aktrisa, Prezident mükafatçısı Aygül Ağayeva söyləyib. O vurğulayıb ki, kuklaçı üçün obraz yaratmaq çətindir. “Çünki bütün hissləri kuklaya ötürmək, ona nəfəs vermək lazımdır. Tamaşaçı həmin duyğuları kukla vasitəsilə yaşamalıdır. Ümid edirəm ki, mənim sevdiyim Qaraca qız obrazını tamaşaçılar da eyni sevgi ilə qəbul edəcəklər. Tamaşanın sonunda isə Qaraca qızın ölümü deyil, onun bir əfsanəyə çevrildiyi izləyicilərə çatdırılıb”,- deyə aktrisa əlavə edib.
Səhnə əsərinin ərsəyə gəlmə prosesindən söhbət açan A.Ağayeva deyib: “Tamaşa qısa müddət ərzində ərsəyə gəldi. Səhnə məşqlərimiz təxminən 1 həftə - 10 gün ərzində tamamlandı. Lakin kuklaların hazırlanması və musiqinin yazılması daha uzun proses idi. Bütün bu mərhələlər başa çatdıqdan sonra səhnə üzərindəki məşqlər, qeyd etdiyim kimi, qısa zamanda yekunlaşdı. Qaraçı rəqsləri, rəngarəng səhnə həlli və dinamika tamaşaçıda hadisələrin içində olduğu təəssüratını yaradacaq”.