"SƏS" qəzetinin redaksiyasında dəyirmi masa keçirilib

22 Dekabr 2025 19:51 (UTC+04:00)

Bu gün "SƏS" qəzetinin redaksiyasında “2003–2025-ci illər ərzində həyata keçirilən uğurlu dövlət siyasətinə həsr olunmuş” dəyirmi masa keçirilib. Sözügedən toplantı "SƏS" qəzetinin təşkil etdiyi ənənəvi müzakirə platformalarından biri kimi diqqət çəkib.

Dəyirmi masada Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər və elm adamları çıxış edərək son 22 ildə ölkənin sosial, iqtisadi və siyasi inkişafını təmin edən dövlət siyasətinin əsas istiqamətləri barədə fikir və dəyərləndirmələrini bölüşüblər. Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, millət vəkili Azər Badamov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov iştirak ediblər.

Müzakirələr zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkənin davamlı inkişafına verdiyi töhfələr, sosial rifahın yüksəldilməsi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi xüsusi vurğulanıb.
Millət vəkili Musa Quliyev çıxışında bildirib: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası çoxşaxəli və dinamik inkişaf yolu keçmiş, sosial, iqtisadi, hərbi və siyasi sahələrdə mühüm nailiyyətlər əldə edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə “Suverenlik İli”nin elan olunması bu inkişafın məntiqi yekunu kimi çıxış edir və Azərbaycanın ən böyük tarixi uğurlarından biri hesab olunur. Bu qərar eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və ölkənin suverenliyinin tam bərpa olunması ilə üst-üstə düşərək xüsusi siyasi və simvolik məna daşıyır.

Müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun ən ali mərhələsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasıdır. Bu nailiyyətlər təsadüfi xarakter daşımır, uzunmüddətli və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir. Xüsusilə hərbi sənayenin formalaşdırılması, ordu quruculuğu prosesinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, vətənpərvər gənc nəslin yetişdirilməsi bu tarixi qələbələrin əsas təminatçısı olub.

Eyni zamanda, son 22 il ərzində ölkədə genişmiqyaslı sosial islahatlar aparılıb və sosial sahədə ciddi sıçrayışlar qeydə alınıb. Belə ki, bu dövr ərzində sosial müdafiə xərcləri 22 dəfə artmış, minimum əməkhaqqı 40 dəfə, orta aylıq əməkhaqqı 14 dəfə yüksəlib. Minimum pensiya 15 dəfə, orta aylıq pensiya isə 20 dəfə artıb. Bu göstəricilər sosial siyasətin effektivliyini aydın şəkildə nümayiş etdirir və qeyd olunan artımların faizlərlə deyil, dəfələrlə ifadə olunması Azərbaycanın artan iqtisadi gücünün və dayanıqlı inkişaf modelinin bariz göstəricisi kimi dəyərləndirilir”.

Millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində həlledici nailiyyətlər əldə edilib, müstəqil Azərbaycan dövlətinin möhkəm təməli formalaşdırılıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə dövlətçilik prinsipləri bərqərar edilib, siyasi və institusional əsaslar yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu əsaslar üzərində müasir, güclü və dinamik inkişaf edən Azərbaycan dövləti yüksəlib.

Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaş kimi tanınan dövlətlər sırasında yer alır. Uğurlardan bəhs edərkən xüsusilə vurğulanmalı məqam ölkənin iqtisadi gücüdür. Ümummilli lider Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri Azərbaycanın inkişaf strategiyasının əsas ideya xəttini təşkil edib. Məhz bu baxımdan son 22 il ərzində əldə olunan nailiyyətlərin əsasını güclənən iqtisadi potensial, dayanıqlı inkişaf modeli və effektiv sosial-iqtisadi siyasət təşkil edir”.

Daha sonra millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, 1993-cü ilə qədər cənab İlham Əliyev artıq özünü perspektivli siyasi xadim kimi təsdiq edib: "O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) pedaqoji fəaliyyət göstərmiş, beynəlxalq münasibətlər sahəsində dərin bilik və təcrübə qazanıb. Həmin dövrdə ulu öndər Heydər Əliyev 1990-cı illərdə mərkəzi hakimiyyətdən kənarda saxlanılmasına baxmayaraq, təkcə Azərbaycanda deyil, bütövlükdə keçmiş SSRİ məkanında güclü siyasi nüfuza malik olub.

Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib, ölkənin daxili siyasi proseslərinə yaxından cəlb olunub. Onun yüksək təşkilatçılıq bacarığı və idarəetmə qabiliyyəti Dövlət Neft Şirkətində (SOCAR) çalışdığı dövrdə aydın şəkildə özünü göstərib. Xüsusilə 1994-cü ildə imzalanan və Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi hesab olunan “Əsrin müqaviləsi”nin hazırlanması və həyata keçirilməsi prosesində cənab İlham Əliyev şəxsən iştirak edib. Sonrakı illərdə imzalanan mühüm enerji sazişlərində də onun bilavasitə rolu olub.

Deputat kimi seçildiyi Qaradağ rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə xüsusi fond yaratmış, rayonun infrastrukturunun yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirib. Məhz bu ardıcıl fəaliyyətin nəticəsi olaraq ulu öndər Heydər Əliyev Azərbaycan xalqını cənab İlham Əliyevə səs verməyə çağırıb, ona böyük etimad göstərərək bildirib ki, İlham Əliyev Azərbaycanın qarşısında duran mühüm problemlərin həllinə qadir olan siyasi liderdir”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov vurğulayıb ki, Cənab Prezident tərəfindən parlamentə ünvanlanan müraciət qanunverici orqanda müsbət qarşılanıb və dəstəklənib: "Bu hadisə bir daha Azərbaycan dövlət siyasətinin əsasını təşkil edən yüksək humanizm və sosial ədalət prinsiplərinin təntənəsi kimi qiymətləndirilə bilər. Azərbaycanda amnistiya aktlarının qəbul edilməsi ilk dəfə baş verən hadisə deyil. Əvvəlki illərdə də əfv fərmanları və amnistiya təşəbbüsləri həyata keçirilmiş, bu proseslərdə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülən humanist təşəbbüslər mühüm rol oynayıb.

Xüsusilə Yeni il ərəfəsində qəbul edilən bu amnistiya aktı minlərlə məhbusun ailə üzvlərinə sevinc bəxş edib, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən rəğbətlə qarşılanıb. Eyni zamanda, qazilərimizin və şəhid ailələrinin yaxınlarının da amnistiya aktının əhatə dairəsinə daxil edilməsi dövlətin sosial həssas qruplara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Cənab İlham Əliyev 2003-cü ildən etibarən ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi ölkəyə rəhbərlik edərək, 22 illik prezidentliyi dövründə Azərbaycan tarixində görünməmiş uğurlara imza atıb. Bu dövrdə Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, artıq qlobal miqyasda söz sahibi olan, nüfuzlu və güclü dövlətə çevrilib”.