Qızıl girovu ilə verilən kreditlərin hansı fərqləri var? - İQTİSADÇI AÇIQLADI

22 Dekabr 2025 18:36 (UTC+04:00)

Son vaxtlar vətəndaşlar arasında qızıl girovu ilə kredit götürmək tendensiyası artmaqdadır. Qiymətli metalın dəyərinin sabitliyi və bazarda etibarlı təminat vasitəsi kimi qəbul olunması bu növ kreditlərə marağı daha da artırır. Maraqlıdır, qızıl girovu ilə verilən kreditlərin faiz dərəcələri adi istehlak kreditlərindən fərqlənirmi və qızılın bazar qiymətindəki dəyişiklik bu kreditlərin şərtlərinə təsir göstərə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, qızıl girovu ilə bağlı verilən kreditlər istehlak kreditlərindən nisbətən az riskli olur:

“Belə olduğu halda da bu kreditlərin faizləri nisbətən aşağı olur.

Bunun səbəbi çox sadədir. Qızıl girovu ilə götürülmüş kreditlərdə bank təminat əsasında kredit verir və beləliklə öz risklərini aşağı salır. Eyni zamanda qızıl həm də investisiya alətidir və qızıl heç vaxt dəyərini tam itirmir, qiyməti beynəlxalq səviyyədə tanınır, asanlıqla pula çevrilə bilir, yəni sürətli şəkildə satışı mümkündür.

Belə olduğu təqdirdə də qızıl girovu ilə verilən kreditlər digər, xüsusilə istehlak kreditlərindən daha az riskli olur və banklar, xüsusən də bank olmayan kredit təşkilatları buna daha çox üstünlük verirlər ki, öz risklərini müəyyən qədər azaltsınlar.

Hazırkı dövrdə də bilirsiniz ki, dünyada baş verən iqtisadi kataklizmlər, hərbi-siyasi toqquşmalar qlobal iqtisadiyyata, eyni zamanda Azərbaycan iqtisadiyyatına təsir göstərir. Belə olan halda, ən etibarlı və ən rahat saxlanılan valyuta və ya sərmayə forması məhz qızıldır, daha doğrusu qiymətli metallar, xüsusən də qızıl. Buna görə də banklar belə təminatı daha asanlıqla qəbul edirlər”.

Arzu Qurbanlı