“Bu regional təhlükəsizlik sisteminin dərinləşməsinə gətirib çıxarır” - MÜNASİBƏT BİLDİRİLDİ

22 Dekabr 2025 18:18 (UTC+04:00)

“Azərbaycan və Ermənistan arasında sülh istiqamətində çox mühüm addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə bu addımlar birgə yaşayışın möhkəmlənməsinə, regional təhlükəsizlik sisteminin daha da dərinləşməsinə gətirib çıxara bilər:

“Əgər əvvəlki dövrdə vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünə biz şahidlik edirdiksə, hazırda Azərbaycanın enerji resurslarının Gürcüstan vasitəsilə Ermənistana satılması həm regional əməkdaşlığı gücləndirir, həm də bu və ya digər formada asılılıq yaradır və bu, Ermənistan bazarının gələcəkdə əldə saxlanılmasına gətirib çıxara bilər.

Burada Azərbaycanın çox uzaqgörən siyasi strategiyasının olduğunu da biz görürük. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasından sonra biz regional əməkdaşlıq müstəvisində daha da geniş addımları müşahidə edə bilərik. Bütün bu proseslər yalnız Azərbaycan xalqının mənafeyinə, Cənubi Qafqazda təhlükəsizlik sisteminin daha da inkişafına yönələcək. Bu proseslər həm də Cənubi Qafqazda etimad mühitinin güclənməsinə, mehriban qonşuluq siyasətinin təşviqinə yol açacaq”.

Arzu Qurbanlı