“Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri millətimizin və dövlətimizin keçdiyi yol əsrlərə bərabərdir və böyük tarixi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl bu illərdə yürüdülən siyasətin nəticəsində millətimiz hədəfinə nail oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Onun sözlərinə görə, işğal olunmuş torpaqlardan düşmən qovuldu, seperatçılığın kökü tamamilə kəsildi və dövlət suverenliyimiz tam bərqərar edildi:
“Qazanılan qələbəni yalnız Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi və dövlət suverenliyinin bərqərar edilməsi kimi qiymətləndirmək tam olmaz. Cənab Prezidentimiz Səlif yürüyüşlərindən bəri qurulan planları və həyata keçirilən siyasətləri darmadağın etdi, millətimizin qarşısında yeni üfüqlər açdı. Dövlət başçımız tarixi təkrar etmədi, ən yeni tarix yaratdı. Bu, millətimizin tarixinin ən şərəfli səhifəsidir. Bizim tariximizdə belə bir möhtəşəm qələbə olmamışdı. Dövlət başçımız millətimizi qalib etdi, başını dik tutaraq yaşamağın düsturunu verdi. Cənab Prezident İlham Əliyev milli ideyaya çatmaq üçün 2003-cü ildən bəri tariximizdə bir sıra ilkləri yaratdı. Həmin ilklər heç zaman olmamışdı. Tariximizdə ilk dəfə “yumşaq güc”dən istifadə etməklə milli hədəflərə çatmaq bacarıqla həyata keçirildi. Dövlət başçımız Azərbaycanı böyük dövlətlər üçün vazkeçilməz bir ölkə halına gətirdi. Bu gün Azərbaycansız regionda heç bir layihəni həyata keçirmək mümkün deyil. Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Keçilən yol tarixdə şəxsiyyət amilinin nə qədər böyük rol oynadığını göstərir. Bu yolun təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır. Millətimizi hədəflərinə çatdıran bu əsas siyasət daim davam etdirilməlidir”.
Arzu Qurbanlı