...Naməlum şəxslər Stokholmdakı bir məscidin qarşısında islamofob təxribat törədiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Anadolu xəbər verir.
Binanın girişinə aparan pilləkənlərin məhəccərinə zəncirlənmiş Quran nüsxəsinin altı güllə ilə deşildiyi aşkar edilib.
Stokholm Məscidi Şurasının sədri Mahmud Xələfi ölkədə dini dözümsüzlükdən qaynaqlanan hadisələrin artmasından təəssüflənib.
Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırmaya başlayıb və bu, təkcə nifrət aktı deyil, həm də ölüm təhdidi hesab edilə bilər.
...Hasarla zəncirlənmiş müqəddəs kitabda altı güllə yeri var idi. Bundan əlavə, orada ərəb və isveç dillərində yazılar da aşkar edilib: “...Ziyarətiniz üçün təşəkkür edirəm, amma evə getməyin vaxtıdır.”
Biz bu mesajı müsəlmanlara qarşı yönəlmiş açıq ksenofobik bir bəyanat kimi qəbul edirik, - Xələfi bildirib.
O, hadisənin İsveçdə artan nifrət cinayətləri fonunda baş verdiyini vurğulayıb.
Əli Babayev