"2025-ci il strateji qərarların və siyasi davamlılığın ön plana çıxdığı il oldu" - ŞƏRH

22 Dekabr 2025 16:34 (UTC+04:00)

"2025-ci il Azərbaycan üçün təkcə təqvim ili deyil, postmünaqişə dövrünün artıq keyfiyyətcə yeni mərhələyə keçidini simvolizə edən siyasi mərhələ kimi yadda qaldı. Bu il ölkə rəhbərliyi həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də regional və qlobal proseslərdə mövqelərin daha aydın şəkildə formalaşdırılması istiqamətində ardıcıl və sistemli xətt yürüdüb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan siyasi gündəliyinin mərkəzində tam suverenliyin praktiki təsdiqi və postmünaqişə reallıqlarının institusionallaşdırılması dayanıb: "Azad edilmiş ərazilərdə idarəetmə mexanizmlərinin dərinləşdirilməsi, hüquqi-siyasi inteqrasiya prosesinin tamamlanması və dövlət institutlarının tam fəaliyyətə başlaması bu dövrün əsas siyasi məzmununu təşkil edib. Bu, faktiki olaraq münaqişə sonrası mərhələnin bağlanaraq inkişaf mərhələsinə keçidi göstərir. 2025-ci ilin digər mühüm siyasi xüsusiyyəti sülh gündəliyinin Azərbaycanın şərtləri əsasında irəliləməsi oldu. Bakı artıq təşəbbüs mövqeyindən çıxış edərək regional təhlükəsizlik, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması məsələlərində əsas söz sahibinə çevrildi. Bu prosesdə Azərbaycanın yanaşması emosional ritorikadan deyil, beynəlxalq hüquqa, real güc balansına və milli maraqlara söykənən praqmatik siyasət üzərində quruldu.

Xarici siyasət müstəvisində 2025-ci il balanslaşdırılmış çoxşaxəli diplomatiyanın daha da dərinləşdiyi il kimi xarakterizə oluna bilər. Qərb strukturları ilə münasibətlərdə prinsipial mövqe qorundu, ikili standartlara açıq etiraz edildi, eyni zamanda Şərq, Türk dünyası, İslam ölkələri və Qlobal Cənubla əməkdaşlıq genişləndirildi. Azərbaycan bu il bir daha nümayiş etdirdi ki, o, heç bir geopolitik mərkəzin təsir aləti deyil, müstəqil aktordur.

Daxili siyasi baxımdan 2025-ci il idarəetmədə institusional sabitliyin və siyasi davamlılığın ön plana çıxdığı dövr oldu. Dövlət–cəmiyyət münasibətlərində sosial-iqtisadi gündəliyin siyasi diskursla uzlaşdırılması, ictimai gözləntilərin təhlükəsizlik və rifah kontekstində yönləndirilməsi hakimiyyətin əsas prioritetlərindən biri idi. Bu da radikal çağırışlar üçün sosial-siyasi zəminin daralmasına səbəb oldu.

2025-ci il Azərbaycan siyasi tarixində emosiyaların deyil, hesablanmış qərarların, reaktiv addımların deyil, strateji planlamanın üstünlük təşkil etdiyi il kimi yadda qaldı. Bu il göstərdi ki, Azərbaycan artıq hadisələrə uyğunlaşan deyil, hadisələri formalaşdıran regional gücdür".