"Son günlər Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin yenidən bərpa olunması regionda baş verən mühüm iqtisadi və siyasi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Bu proses bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uzunmüddətli, ardıcıl və praqmatik siyasəti düzgün strateji əsaslara söykənir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, illər boyu həyata keçirilən bu siyasət həm milli maraqların qorunmasına, həm də regional əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etmişdir:
"Bu gün atılan konkret addımlar isə həmin siyasətin real nəticələr verdiyini açıq şəkildə nümayiş etdirir və prosesin davamlı olacağına ümid yaradır. Ermənistanın Azərbaycan üçün coğrafi baxımdan ən yaxın bazarlardan biri olması xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlıq ilk növbədə nəqliyyat xərclərinin azalmasına, logistik imkanların genişlənməsinə və məhsulların daha qısa müddətdə bazara çatdırılmasına şərait yaradır. Eyni zamanda, ticarət əlaqələrinin bərpası yalnız iqtisadi fayda ilə məhdudlaşmır, həm də qarşılıqlı etimadın formalaşmasına, əməkdaşlıq münasibətlərinin dərinləşməsinə müsbət təsir göstərir. Bu amillər regionda sabitliyin və uzunmüddətli inkişafın təmin olunmasında mühüm rol oynaya bilər.
Azərbaycan məhsullarının Ermənistan bazarına çıxarılması ölkəmizin ümumi iqtisadi potensialının artırılmasına xidmət edəcək. Bu, yerli istehsalçıların yeni bazarlara çıxış imkanlarını genişləndirəcək, ixrac həcmlərinin artmasına, rəqabət qabiliyyətinin güclənməsinə və yeni iş yerlərinin yaranmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanın ixrac imkanları və ixrac potensialı daha da möhkəmlənəcək, ölkə iqtisadiyyatı üçün əlavə dəyər formalaşacaq.
Bütün bunlarla yanaşı, Ermənistan bazarına çıxış Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu proses Azərbaycanın regionda iqtisadi liderlik mövqeyini gücləndirir, ölkəmizin əldə etdiyi uğurlara ciddi və müsbət töhfə verir. Heç bir şübhə yoxdur ki, Ermənistan bazarına daxil olmaq və orada möhkəmlənmək Azərbaycan üçün geniş imkanlar və böyük potensial yaradır. Bu imkanlardan səmərəli istifadə isə həm iqtisadi artımı sürətləndirəcək, həm də regionda qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradacaq".