"Bəzi rus ekspertlərin VI media qurumlarının cənab Prezident İlham Əliyevin MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsi ilə bağlı qeyri-adekvat fikirlər səsləndirməsi qərəz və irrasional yanaşmanın təzahürü olaraq qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, axmayaraq ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov öz açıqlamasında səfərin ləğvinin ikitərəfli münasibətlərə heç bir mənfi təsir göstərmədiyini və tərəflər arasında əməkdaşlığın əvvəlki tempdə davam etdiyini bildirib:
"İlk növbədə onu qeyd etmək lazımdır ki, qeyri-rəsmi formatda keçirilən görüşlərdə iştirak məsələsi dövlət başçılarının tam suveren və müstəqil qərarına əsaslanır. Bu cür tədbirlər heç bir hüquqi və ya siyasi öhdəlik yaratmır və iştirak etməmək heç bir beynəlxalq norma və ya diplomatik etikaya zidd hesab edilə bilməz. Dövlət başçıları bu kimi tədbirlərə qatılarkən öz ölkələrinin daxili və xarici siyasət prioritetlərini, mövcud siyasi gündəliyi və milli maraqları əsas götürürlər. Bu baxımdan, cənab Prezidentin sözügedən görüşdə iştirak etməməsi Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursuna uyğun şəkildə verilmiş düşünülmüş və rasional qərar kimi dəyərləndirilməlidir. Prezidentin siyasi gündəliyində yer alan digər mühüm məsələlər, regional proseslər və milli maraqlardan irəli gələn prioritetlər bu qərarın formalaşmasında əsas rol oynamışdır. Bu isə bir daha onu göstərir ki, Azərbaycanın xarici siyasəti situativ təsirlərə deyil, strateji yanaşmaya əsaslanır. Mövzu ilə bağlı bəzi rəyləri adekvat və obyektiv mövqe olaraq ifadə etmək olmaz".