Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul edib.
Bu barədə SİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, qəbulda, əsasən, İmişli, Beyləqan və Xocavənd rayon sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli məsələlər üstünlük təşkil edib.
Qeyd olunub ki, sakinlərə Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb.
Vurğulanıb ki, hazırda dövlət başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.