...Tramp administrasiyası səfirliklərindən bir neçə onlarla yüksək vəzifəli diplomatı geri çağırır.
SİA xəbər verir ki, Associated Press agentliyinin bazar ertəsi, 22 dekabrda ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən verdiyi məlumata görə, onların əksəriyyəti Cozef Baydenin prezidentliyi dövründə təyin edilib və Ağ Ev indi onları Trampa daha sadiq personalla əvəz etməyi planlaşdırır. Dekabrın ortalarında 29 ölkədəki diplomatik nümayəndəliklərin nümayəndələrinə səlahiyyət müddətlərinin yanvar ayında başa çatdığı barədə məktublar gəlib.
Tramp administrasiyası Afrika ölkələrindən ən çox diplomatı geri çağırır: Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda...
ABŞ diplomatik korpusundakı dəyişikliklər Asiya-Sakit okean regionuna (Fici, Laos, Marşal Adaları, Papua Yeni Qvineya, Filippin və Vyetnam) və Avropaya (Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiya) təsir edəcək. Yerdəyişmələr Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamda da baş verəcək.
ABŞ Dövlət Departamenti səfirlərin geri çağırılması ilə bağlı şərh verməkdən imtina etdi və bunun istənilən prezident administrasiyası üçün standart prosedur olduğunu vurğuladı. ABŞ səfirlərinin xidmət müddəti prezident tərəfindən müəyyən edilir və üç ildən dörd ilə qədər dəyişir.
Dövlət Departamenti həmçinin geri çağırılan diplomatlara Vaşinqtonda digər təyinatların təklif olunacağını da vurğuladı. Departament bir daha təkrarladı ki, prezident olaraq Tramp Ağ Evə və ölkənin xarici siyasətinin hazırkı istiqamətinə - "Amerika Birinci"ə sadiq səfirləri təyin etmək səlahiyyətinə malikdir.
Qeyd etmək lazımdır ki, bu, 2025-ci ildə ABŞ səfirliklərindən diplomatların geri çağırılmasının ilk dalğası deyil. Vəzifəyə başladıqdan sonra Donald Tramp ABŞ Dövlət Departamentinin yenidən qurulması haqqında sərəncam imzaladı.
Nəticədə səfirlər geri çağırıldı və iqlim dəyişikliyi, insan hüquqları, demokratik institutların keyfiyyəti və gender bərabərliyi məsələlərinə cavabdeh olan bir çox diplomatik missiya işçisi işdən çıxarıldı.
2025-ci ilin yayında Dövlət Departamentinin ABŞ diplomatlarına təyinat ölkələrində demokratiyanın keyfiyyətini açıq şəkildə qiymətləndirməyi qadağan etdiyi məlum oldu.
Xüsusilə, Dövlət Departamenti onlardan seçkilərin ədalətliliyi və şəffaflığı, demokratik institutların vəziyyəti və demokratiya və insan haqları hərəkatlarına dəstəyi barədə şərh verməkdən çəkinmələrini istədi. İndi bu cür şərhləri yalnız Dövlət Departamentinin rəsmi nümayəndələrinə və ABŞ Dövlət Katibi Marko Rubioya vermək icazəsi verilir.
Əli Babayev