"Bu gün dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır" - DEPUTAT DANIŞDI

22 Dekabr 2025 14:34 (UTC+04:00)

"Hər yeni təqvim ilinin başlanğıcı dünya azərbaycanlıları tərəfindən milli birlik və həmrəylik rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə birlikdə qeyd olunur. Bu əlamətdar tarix harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının öz ana vətəninə, milli-mənəvi dəyərlərinə, mədəni irsinə və tarixi köklərinə bağlılığını bir daha dərk etməsinə şərait yaradır". Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, eyni zamanda, xarici ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətlərin qanunlarına hörmətlə yanaşaraq, məsuliyyətli vətəndaş mövqeyi nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir. Dövlətin və cəmiyyətin vətəndaş üzərinə qoyduğu vəzifələrin yerinə yetirilməsi, ictimai həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:

"Milli köklərə sədaqət, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi, milli mədəniyyətin yaşadılması artıq hər bir azərbaycanlı üçün formalaşmış və davamlı bir ənənəyə çevrilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır və milli kimliyin möhkəmlənməsində mühüm rol oynayır.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər bir azərbaycanlının milli mənsubiyyəti ilə qürur duyması, Azərbaycan dilinin qorunmasına və mədəniyyətinin inkişafına töhfə verməsi bir daha ön plana çıxır. Bu əlamətdar gün, dünyada Azərbaycan adlı zəngin və qədim mədəniyyətin mövcudluğu ilə fəxr etməyin simvoluna çevrilmişdir".