"Hazır yeməyi otaq temperaturunda saxlamayın" - EKSPERT AÇIQLADI

22 Dekabr 2025 12:41 (UTC+04:00)

"Ümumiyyətlə, əgər biz qidanın saxlanma qaydalarından danışırıqsa – istər ev şəraitində, istərsə də satış mərkəzlərində, satış nöqtələrində – qidanın düzgün saxlanması və məhsul qonşuluğuna əməl olunması bir mənalı şəkildə vacibdir". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, belə bir qızıl qayda var: "Əgər şübhəlidirsə, yeməyin! Bu, həm evdəki qidalara aiddir, həm də onların düzgün saxlanılmaması nəticəsində yarana biləcək fəsadlara. Hazır, bişmiş yeməyi otaq temperaturunda uzun müddət saxlamaq olmaz. Həmçinin, isti yeməyi birbaşa soyuducuya yerləşdirmək düzgün deyil. Turşuların günəş şüası düşən yerdə saxlanmaması tövsiyə olunur, çünki günəş şüası altında onların qapaqlarında şişmə, içində çöküntü və suda bulanıqlıq müşahidə oluna bilər. Bu da botulizm riski yaradır və nəticədə zəhərlənmə ilə nəticələnə bilər.

Süd və qatıq məhsulları da normativ temperaturda saxlanmalıdır. Əgər bu qaydaya əməl olunmazsa, zəhərlənmə riski yüksəkdir, xüsusilə hamilə qadınlarda, uşaqlarda və allergiyası olan şəxslərdə ciddi nəticələrə səbəb ola bilər. Balıq, ət və toyuq isə buzlu halda saxlanmalı, soyuducunun xüsusi bölməsində, qapalı qabda və ya qida üçün nəzərdə tutulmuş paketlərdə yerləşdirilməlidir ki, suları və qanı digər məhsullara axmasın və toxunmasın. Bişmiş yeməklərin çiy yeməklərlə birlikdə saxlanması məsləhət görülmür. Hər biri ayrı-ayrı rəflərdə, qapalı qablarda saxlanmalıdır. Bu baxımdan, evdə saxlanan qidaların düzgün temperatur rejimində saxlanması potensial fəsadların qarşısını almağa kömək edir. Əgər biz bu gün "soyuq zəncir" deyə adlandırılan qaydaya əməl etməsək – yəni qidanı dondurub sonra otaq temperaturunda uzun müddət saxlayıb yenidən dondursaq – bu, həm qidanın dadına, həm də keyfiyyətinə mənfi təsir göstərir. Belə saxlama nəticəsində qida tez xarab ola bilər.

Bir məsələni xüsusi vurğulamaq istəyirəm: əgər ev şəraitində istifadə olunan qidaların saxlanma qaydalarına əməl olunmazsa, burada E.coli və Salmonella kimi bakteriyaların çoxalması mümkündür.
Soyuducuda temperatur aralığı düzgün seçilməzsə, qidaların uyğun olmayan şəkildə yerləşdirilməsi nəticəsində bakteriyalar bir məhsuldan digərinə keçə bilər. Bu da ishal, mədə ağrıları və bağırsaq infeksiyaları kimi sağlamlıq problemlərinə səbəb ola bilər".