"Doğum sayının azalması demoqrafik qocalmaya səbəb olur" - SOSİOLOQ DANIŞDI

22 Dekabr 2025 12:08 (UTC+04:00)

"Evlilik yaşının artması, başqa sözlə desək, gec ailə qurulması, inkişaf etmiş cəmiyyətlərə məxsus olan keyfiyyətlərdən biridir. İnsanlar artıq ailə həyatına girmək üçün yalnız emosional deyil, həm də rasional səbəbləri ön plana çıxarırlar". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.

Onun sözlərinə görə, bu tendensiya, həmçinin gənclərin şəxsi inkişafına, təhsil və karyera imkanlarına daha çox diqqət ayırmalarından irəli gəlir: "Sürətli elmi-texniki tərəqqi cəmiyyətdə yeni dövrün və yeni insanın formalaşmasını şərtləndirir. Yeni dövr hiperinformasiya axarı, cərəyan edən hadisələrin ildırım sürətilə dəyişməsi, maddi rifah, karyera uğuru və komfortlu həyat uğrunda gedən amansız rəqabətlə xarakterizə olunur. Bu rəqabətdən yalnız intellektual səviyyəsi yüksək olan, rasional düşünməyi bacaran, sağlam bədənə sahib olan, ensiklopedik biliklərə malik və öz sahəsində yüksək professional keyfiyyətlər göstərən şəxslər qalib çıxa bilərlər.

Yuxarıda qeyd olunan keyfiyyətlərə malik olmaq üçün həm inteqrativ təhsil, həm də zaman tələb olunur. Dünyada ən dəyərli valyuta zaman hesab edilir. Hər hansı bir sənətə yiyələnmək üçün ciddi yatırım və uzunmüddətli səy göstərmək zəruridir. Məsələn, bu gün normal bir həkimin yetişməsi üçün ən azı 12–15 il vaxt tələb olunur. Bu səbəbdən gənclər gec ailə qurmağa üstünlük verirlər; onlar ailə qurarkən daha çox sevgidən deyil, rasional və məqsədyönlü münasibətlərdən yararlanırlar.

Doğum sayının azalmasının əsas səbəblərindən biri də inkişaf etmiş dövlətlərdə valideynlərin qarşısında cəmiyyətdə rəqabət aparmağı bacaran gələcək vətəndaşın, yəni övladın formalaşdırılması və yetkinləşdirilməsi vəzifəsinin durmasıdır. Bu amillər valideynləri, ailədə neçə uşağın dünyaya gələcəyini planlaşdırmaq məcburiyyətinə gətirir. Eyni zamanda, uşaqların sağlam böyüməsi, düzgün tərbiyə olunması və ciddi təhsil alması üçün əlavə resurs və zaman sərf olunmalıdır.

Məcazi mənada desək, valideynlər cəmiyyətdə rəqabət aparmağı bacaran “keyfiyyətli övlad və vətəndaş” yetişdirmək problemini üzərlərində daşıyırlar. Bu isə valideynlərdən ciddi məsuliyyət, maddi vəsait və vaxt tələb edir. Nəticədə, doğum sayının azalması, cəmiyyətin demoqrafik “qocalması” sindromuna gətirib çıxarır. Demoqrafik qocalma yalnız əhalinin sayının azalması ilə nəticələnmir, həmçinin əmək qabiliyyətli vətəndaşların sayının azalmasına və işçi qüvvəsinin azalmasına səbəb olur. Bu sindrom dövlətin iqtisadi və sosial siyasətində təqaüdlərin verilməsində, səhiyyə sistemində, əmək bazarında ciddi gərginliklərə yol açır. Dialektik fəlsəfənin “kəmiyyətin keyfiyyətə keçməsi” qanunu burada özünü açıq şəkildə göstərir.

Cəmiyyətin demoqrafik qocalması qlobal bir prosesdir. Buna baxmayaraq, insan övladının zəkası və yaradıcı potensialı bu maneələri dəf etməyə qadirdir. Süni intellektin və robotlaşmanın həyatın bütün sahələrinə müdaxiləsi bu prosesləri daha da sürətləndirir və yeni imkanlar yaradır. Bu, həm də gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin davamlı inkişafı üçün yeni strategiyaların işlənib hazırlanmasına ehtiyac olduğunu göstərir".