Paşinyan Peterburqdan “HƏ” cavabı ilə qayıdır?

22 Dekabr 2025 11:07 (UTC+04:00)

Mətləb Salahov: "Nikol Paşinyan və komandası qarşıdakı seçkilərə həm də "Axırıncı aşırım" kimi baxır"

"Gələnilki parlament və bələdiyyə seçkiləri yaxınlaşdıqca Ermənistan dövləti və hazırkı hakimiyyət üçün gərginlik durmadan artır. Otuz illik siyasi fiqurlara və kilsə hakimiyyətinə son qoymaq üzrə olan Nikol Paşinyan və komandası qarşıdakı seçkilərə həm də "Axırıncı aşırım" kimi baxırlar. Çünki Nikol Vovayeviç bu seçkilərdə mütləq qələbə qazanarsa, o zaman Ermənistan siyasətində artıq təkhakimiyyətlilik sahibi olacaq ki, bu da onun daha uzun müddətə hakimiyyətdə qalması demək olacaq. Bu qələbə həm də mövcud Ermənistan siyasətinin yenidən dizayn edilməsinə, mövcud siyasi meyitlərin kənara atılıb yeni siyasi qüvvələrin meydana çıxmasına səbəb olacaq".
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, N.Paşinyanın Sankt Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb məxfi müzakirələr aparması daha çox Ermənistan daixlindəki siyasi proseslərlə bağlıdır.
"Hamı gözləyir ki, V.Putin qarşıdakı seçkilərdə Ermənistanda siyasi çevriliş edib hazırkı komandanı hakimiyyətdən salacaq. Lakin görünən odur ki, V.Putinin də maraqlarını nəzərə aldığı beynəlxalq siyasi güclər var və N.Paşinyanın üzərindən bir anlığa xətt çəkmək hazırkı situasiyada bölgədə maraqları qüvvələrin gündəliyində yoxdur.
Erməni baş nazirin Sankt Peterburqda Kreml şefi ilə ilk növbədə gələnilki seçkiləri müzakirə etdiyi şübhəsizdir. Serj Sarkisyan, Levon Ter Petrosyan, Robert Koçaryan kimi siyasi tullantılarla yola davam etməyin mənasızlığını anlayan Moskva, Samvel Karapetyan kimi milyonçu səriştəsizlərə də uğursuz dəstəkdən sonra artıq erməni siyasətinin reallıqları ilə üz-üzə qalıb. N.Paşinyanın V.Putinin "xeyir duasını" alıb-almadığını isə bir neçə aydan sonra hamımız görəcəyik".

Afət Tahirqızı