Bir gündə 800-dən çox miqrant La-Manşı keçib

22 Dekabr 2025 00:35 (UTC+04:00)

Dekabrın 20-də 13 kiçik qayıqla 800-dən çox miqrant La-Manş boğazını keçərək ölkəyə daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu göstərici son illərdə dekabr ayı üçün qeydə alınan ən yüksək rəqəm hesab olunur. Məlumata əsasən, bu artım son günlərdə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən keçidi təxirə salan şəxslərin yığılması ilə əlaqələndirilir. Nəticədə 2025-ci il ərzində La-Manşı keçən miqrantların ümumi sayı 41 min 455 nəfərə çatıb.

Bu da 2024-cü ilin bütün ili üzrə qeydə alınmış 36 min 816 nəfərlik göstəricini üstələyir. “Home Office” nümayəndəsi bildirib ki, kiçik qayıqlarla həyata keçirilən bu cür keçidlər qəbuledilməzdir və Britaniya ictimaiyyəti daha yaxşı həll yolları gözləyir. Qeyd olunur ki, 803 miqrant Britaniyanın sərhəd qüvvələri tərəfindən sahilə çıxarılaraq Dover limanına gətirilib.