Zeyd Döyüş Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş MMA üzrə turnir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yarış dekabrın 20-də “Sərhədçi” İdman Kompleksində təşkil olunub.
Çıxış edən ZFC-nin prezidenti Emin Əliyev bildirib ki, ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Bakı şəhəri 2026-cı il üçün dünya idmanının paytaxtı elan edilib.
Emin Əliyev idmanın inkişafına verdiyi töhfələrə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovu təltif edib, tədbirin təşkilində göstərilən dəstəyə görə Zeyd Döyüş Mərkəzinin təsisçisi Əli Əsgərova, həmçinin MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərova təşəkkürünü bildirib.
Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar İskəndərov çıxışlarında idmanın ölkənin inkişafında, xüsusilə gənclərin sağlam fiziki və mənəvi formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, turnirdə 22 idmançı iştirak edib və ümumilikdə 11 döyüş baş tutub. Yarışın sonunda idmançılara müxtəlif məbləğlərdə pul mükafatları təqdim olunub, qalib idmançı isə kubok və digər təltifnamələrlə mükafatlandırılıb.