İsraildə rusiyalı İran agenti tutulub..?

21 Dekabr 2025 06:24 (UTC+04:00)

SİA-nın əldə etdiyi məlumata görə, "Kommersant" xəbər verir ki, İrana casusluq etməkdə ittiham olunan Rusiya vətəndaşı İsraildə saxlanılıb.

30 yaşlı Vitali Zvyagintsev İsrail limanlarında infrastruktur və gəmilərin şəkillərini çəkirmiş.

Rusiyalı şəxs İsrailə xarici işçi kimi gəlib və 4 dekabrda saxlanılıb.

Dindirmə zamanı Zvyagintsev bildirib ki, 2025-ci ilin oktyabr ayından etibarən özünü Roman kimi təqdim edən və Rusiyada yaşadığını iddia edən İran kəşfiyyat rəsmisi ilə əlaqə saxlayıb. O, tapşırıqlarına görə rəqəmsal valyutada ödəniş alıb. Saxlanılan şəxs Aşdod, Eylat və Hayfa limanlarında yerlərin şəkillərini çəkib.

...Rusiyalı Herzliyadakı sahil ərazisinin şəkillərini çəkməyə cəhd edib, lakin təhlükəsizlik işçiləri polisə zəng ediblər. Dindirmədən sonra sərbəst buraxılıb və şəkilləri silməyə məcbur edilib.

Zvyagintsev həmçinin Hayfadakı neft emalı zavodlarının şəkillərini də çəkib.

Rusiyalı Ramat David Hava Bazasında video çəkməyə cəhd edərkən saxlanılıb; o, görüntüləri müştəriyə çatdıra bilməyib. Müstəntiqlərin sözlərinə görə, rusiyalı İsraildəki müxtəlif yerlərin fotoşəkillərinin çəkilməsi ilə bağlı tələblərin "ölkəyə zərər verməyə çalışan şəxslərin casusluq tapşırığı olduğunu" başa düşsə də, buna baxmayaraq onları yerinə yetirib.

O, rəsmi olaraq İran üçün casusluqda ittiham olunub.

O, həmçinin xarici agentlə əlaqə saxlamaqda və "düşmənə məlumat ötürməkdə" ittiham olunur.

Vitali Zvyagintsev günahını boynuna alıb.

Əli Babayev