Səhər saatlarından Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında olduq. Bugündən burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb. Həftəsonu olmasına baxmayaraq, yarmarkada alıcı kifayət qədər idi.
SİA xəbər verir ki, yerli media əməkdaşlar yarmarkanın açılışında iştirak edərək fermerlərin və alıcıların təəssüratlarını öyrəndik.
Quba rayonundan olan fermer Məhərrəm Təkmirzəyev Yeni il bayramı öncəsi təşkil edilən yarmarkada yaradılan şəraitdən razıdır: "Qəşəng meyvəmiz, heyvamız, xurmamız var. Ən az 50 qəpik-1 manat endirimlə satırıq. Öz məhsullarımızdır. Almalar gətirmişik, çeşidlər çoxdur. Həmişə belə yarmarkalarda iştirak edirik".
Xəmir və ağartı məhsullatının satışı üçün yarmarkada iştirak edən Zemfira İmanova deyib: "Yarmarkaya lavaş, bal gətirmişəm. Arı təsərrüfatım var. Ağartı məhsullarını yaxınlarım hazırlayıb. Sağ olsunlar, bazarı təşkil ediblər. Qiymətlər münasibdir".
Astara rayonundan olan Niyaməddin Fətəliyev öz təsərrüfatında yetişdirdiyi yerli və xarici sort sitrus meyvələrinin satışı ilə məşğuldur. “Qiymətlər münasibdir, yarmarla yüksək səviyyədə təşkil olunub. Mandarin, apelsin, limon, kinkan, bal məhsulları gətirmişik. Apelsin 1 manat 90 qəpik, mandarin 80 qəpik 1 manat 30 qəpik aralığındadır. Hamısı öz təsərrüfatımızın məhsullarıdır", - deyə o vurğulayıb.
Alıcılar da məhsul bolluğundan və qiymətlərdən razılıqlarını bildirdilər.
Bakı sakini Cavanşir Zöhrabov qiymətlərin normal olduğunu qeyd edib: "Kənar yerlərdəki qiymətlərdən münasibdir".
Alıcı Ruşaniyyə Aslanova yarmarkaya təsadüfən gələnlərdəndir: "Gördük ki, yarmarka açılıb, yaxınlaşıb baxmaq qərarına gəldik. Qiymətlər müsbət mənada təəccübləndirdi".
Təqaüdçü Vaqif Hüseynov isə belə deyib: "Yumurta aldım. Qiymətdə güzəşt etdilər. Satıcı da təmiz mal gətirib".
Alıcı Gülzadə Hacıyeva bildirib ki, yarmarkada hər şey, xüsusən qiymətlər münasibdir: “Meyvələr aldıq, hər şey xoşuma gəlir. Biz də gəldik ki, buradan alış-veriş edək".
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Faiq Hüseyno bildirib ki, yarmarkanın keçirilməsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir: "Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək, məhsuldan analiz verə bilərlər. Bizim üçün yarmarkada satılan məhsulların keyfiyyəti çox önəmlidir".
O qeyd edib ki, yarmarkanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub: "Dekabrın 25-dən etibarən əlavə olaraq 10-a qədər metro stansiyalarının çıxışında, o cümlədən ilk dəfə Sumqayıt şəhərində də belə yarmarkanın təşkili nəzərdə tutulub. Ümid edirik ki, keçirdiyimiz yarmarkalar həm şəhər əhalisi, həm də fermerlər üçün faydalı olacaq və ümumilikdə bayram əhvali-ruhiyyəsinə töhfə verəcək".
Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yerlə, həmçinin piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Yarmarka dekabrın 20-30 tarixlərini əhatə edir.