Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 176 350 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 %-dən 8,7 %-ə qalxıb.
9 ay ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 243 milyon 118 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 4,7 % azdır.
2025-ci ilin yanvar-sentyabr aylarında Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8 %-dən 26,2 %-ə düşüb.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7 % çox) təşkil edib.