Azərbaycan və Qambiya parlamentlərarası dostluq qruplarının yaradılmasını müzakirə edib

20 Dekabr 2025 13:14 (UTC+04:00)

Azərbaycan və Qambiya əməkdaşlığı dərinləşdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək niyyətindədir. SİA xəbər verir ki, müvafiq danışıqlar Azərbaycanın Mərakeş və Qambiyadakı səfiri Nazim Səmədovun 15-18 dekabrda Qambiyaya səfəri zamanı aparılıb.

Səfər çərçivəsində diplomat Milli Assambleyanın spikeri Fabakari Tombonq Catta, spikerin müavini Siidi Nciye, Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılarla İş üzrə Nazirliyin daimi katibi Labu Yanq, gənclər və idman naziri Bakari Baciye, eləcə də paytaxt Banjul şəhərinin meri Roha Malik Lou ilə görüşlər keçirib.

"Ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub", - Azərbaycan səfirliyinin məlumatında deyilir.

Görüşlərdə Azərbaycan və Qambiya arasında dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

"Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu kontekstdə qeyd olunub ki, iki ölkənin ali qanunverici orqanlarında dostluq qruplarının yaradılması parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verə bilər", - məlumatda deyilir.