Tanınmış məişət texnikası mağazasının faəliyyəti nöqsanlara görə dayandırılıb

20 Dekabr 2025 11:02 (UTC+04:00)

Mingəçevir şəhərində yerləşən "Baku Electronics" MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar zamanı nöqsanlar aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb.

Həmçinin daxili yanğın kranları işlək vəziyyətdə deyil, obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından istifadə edilir, obyekt odsöndürən balonlarla təmin olunmayıb.

Bundan başqa, obyektdə yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır, zirzəmidə müxtəlif təyinatlı otaqlar tikilərkən qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmayıb.

Bildirilib ki, obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış mağazasında havalandırma sistemi mövcüd deyil, daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib, ⁠tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdirilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sözügedən məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.