Amerikalı əsgərlərin Avropadakı sayı açıqlandı...

20 Dekabr 2025 08:19 (UTC+04:00)

...ABŞ prezidenti Donald Tramp 2026-cı ilə qədər Avropada minimum 76.000 Amerika əsgərinin olmasını müəyyən edən qanun imzalayıb.

SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Sənədə görə, Avropa qitəsindəki Amerika əsgərlərinin sayı 45 gündən çox bu səviyyədən aşağı düşə bilməz və bu da ABŞ-ın uzunmüddətli hərbi mövcudluğunu təmin edir.

Pentaqonun məlumatına görə, hazırda Avropada təxminən 100.000 Amerika əsgəri var ki, onlardan 65.000-dən çoxu qitədə daimi olaraq yerləşdirilib, qalanları isə növbə ilə xidmət edir.

Ağ Evin mətbuat katibi Anna Kelli vurğulayıb ki, yeni qanun 3000 səhifədən çoxdur və Trampın "Güc vasitəsilə sülh" prinsipini əks etdirir.

Yeri gəlmişkən, Avropadakı Amerika əsgərlərinin sayını müəyyən etməklə yanaşı, qanun həmçinin Ukraynaya silah alışı üçün əlavə 400 milyon dollar maliyyələşdirməni nəzərdə tutur və Donald Trampın təşəbbüsü ilə yaradılan "Qızıl günbəz" raketdən müdafiə qalxanı üçün maliyyələşdirməni də əhatə edir.

Ən əsası, sənəddə gələn il üçün ABŞ-ın müdafiə büdcəsinin təxminən 900 milyard dollar olması nəzərdə tutulur ki, bu da Tramp administrasiyasının əvvəlki təklifindən 8 milyard dollar çoxdur.

Əli Babayev