Şirvan şəhərində yerləşən ərzaq bazarında monitorinq keçirilib

19 Dekabr 2025 19:38 (UTC+04:00)

Şirvan şəhərində fəaliyyət göstərən ərzaq bazarında nəzarət tədbirləri həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq zamanı bazarda bir sıra ciddi nöqsanlar aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bazarda yüksək risk qrupuna aid məhsullara baxış zamanı məlum olub ki, ət və ət məhsulları, çiy toyuq əti, süd və digər ağartı məhsulları antisanitar şəraitdə, müvafiq müşayiətedici sənədlər olmadan satışa çıxarılır. Monitorinq zamanı, həmçinin bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin təmin edilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmadığı da məlum olub.

“Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir. Mövcud tələblərin icrası, aşkarlanan nöqsanların aradan qaldırılması və bazarların sağlamlaşdırılması istiqamətində əsas məsuliyyət bazar rəhbərliyinin üzərinə düşür”, - deyə məlumatda vurğulanıb.