“Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası işıq üzü görüb

19 Dekabr 2025 18:53 (UTC+04:00)

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin görkəmli özbək yazıçısı, şairi, dramaturqu və ictimai xadimi, cədidçilik hərəkatının tanınmış nümayəndəsi Əbdürrauf Fitrət və onun cədidçi müasirlərinə həsr etdiyi “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası işıq üzü görüb.

SİA-nın məlumatına görə, İnstitutdan bildirilib ki, kitabda XX əsrin əvvəlləri özbək ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrauf Fitrətin həyat və yaradıcılığından bəhs olunub. Monoqrafiyada Əbdürrauf Fitrətin cədidçi müasirləri, XX əsrin əvvəllərində özbək dramaturgiyasının, romançılığının yaranması təhlil edilib, ədibin nəsr, dramaturgiya və poeziya yaradıcılığında cədid ideyalarının ifadəsi öyrənilib. Monoqrafiya müəllifin 2013-cü ildə Arif Əmrahoğlunun rəhbərliyi ilə müdafiə etdiyi eyniadlı magistr dissertasiyasının əsasında nəşrə hazırlanıb.

Monoqrafiyanın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Həmidulla Baltabayev, rəyçiləri isə filologiya elmləri doktorları Almaz Ülvi Binnətova və Yaşar Qasımbəylidir. Nəşrə Əbdürrauf Fitrət irsinin əsas tədqiqatçılarından Həmidulla Baltabayev “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” Azərbaycanda” adlı ön söz yazıb.