“Avropa İttifaqı ilə Ermənistan arasında formalaşdırılan razılaşmalar bir sıra hallarda Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi düzənə zərbə vurmaq, eyni zamanda müəyyən dairələrin regional maraqlarını irəli aparmaq məqsədi daşıyan strateji xətt kimi qiymətləndirilə bilər”. Bu sözleri SİA- açıqlamasında Millet vekili Zahid oruc bildirib.
Onun sözlərinə görə, xüsusilə Qarabağla bağlı məsələlərin bu sənədlərdə yer alması, “ermənilərin qayıdışı” kimi mövzuların gündəmə gətirilməsi regionda formalaşmış reallıqlarla ziddiyyət təşkil edir və 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmanın əsas prinsiplərinə uyğun gəlmir:
“Bayden administrasiyası dövründə bölgədə atılan addımlar faktiki olaraq mövcud geosiyasi balansı dəyişməyə yönəlmişdi. Bu yanaşma, Minsk qrupunun təsirsizləşdirilməsi fonunda Azərbaycanın hərbi-siyasi qələbəsi ilə formalaşan yeni regional arxitekturanı qəbul etməmək cəhdləri kimi də dəyərləndirilə bilər. Həmin dövrdə Qərbin bəzi siyasi mərkəzləri tərəfindən Azərbaycanın maraqlarına zidd olan, özlərinin arzuladığı geosiyasi konstruksiyanı bərpa etməyə yönəlmiş təşəbbüslər müşahidə olunurdu.
Xankəndi üzərində tam suverenliyin təmin edilməsindən sonra ABŞ Prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken və ümumilikdə Amerika siyasi elitasının bir sıra nümayəndələri tərəfindən Azərbaycana ünvanlanan açıq xəbərdarlıqlar bunu bir daha təsdiqlədi. Həmin açıqlamalar göstərirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası onların əvvəlcədən planlaşdırdığı geosiyasi ssenarilərə daxil deyildi. Məhz bu kontekstdə Prezident İlham Əliyevin səsləndirdiyi “Qələbəmiz qlobal layları tərpətdi” fikri beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklərin mahiyyətini dəqiq ifadə edir.
Dövlət başçısının bu fikri hazırkı beynəlxalq təhlükəsizlik sisteminin qeyri-sabit vəziyyətini və Azərbaycanın qazandığı qələbənin qlobal güc balansına təsirini açıq şəkildə ortaya qoyur. Ermənistan isə artıq yaxşı anlayır ki, əvvəlki illərdə olduğu kimi Azərbaycan əleyhinə prosesləri davam etdirmək imkanına malik deyil. Keçmişdə böyük güclərin aləti olduğu dövrdə bundan müəyyən qədər faydalana bilsə də, mövcud geosiyasi reallıqlar İrəvanın manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Bu şəraitdə Azərbaycan regionda mühüm təsir imkanlarına malik əsas aktora çevrilmişdir. Nə ABŞ-la Bayden dövründə qurulmuş strateji anlaşmalar, nə Avropa İttifaqının milyardlarla ölçülən vədləri, nə də Fransanın açıq himayədarlıq siyasəti Ermənistanı Azərbaycana qarşı effektiv təzyiq alətinə çevirməyə imkan vermir. Qərbin Rusiya ilə münasibətlərinin kəskinləşməsi fonunda Azərbaycana qarşı müəyyən dövrlərdə nümayiş etdirilən müsbət münasibət son qəbul edilən qətnamələr fonunda öz səmimiliyini itirmişdir. Bu sənədlər göstərir ki, bəzi qüvvələr hələ də Azərbaycanın legitim qələbəsini qəbul etməyən, işğal dövrünün davranış modellərini müdafiə edən mövqedə qalırlar.
Məsələ yalnız ayrı-ayrı lobbi qruplarının və fraksiyaların fəaliyyəti ilə məhdudlaşmır; bu yanaşma Strasburq və Brüssel administrasiyalarından qaynaqlanan institusional siyasətin tərkib hissəsidir. Bununla belə, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərin və siyasi mərkəzlərin sayı daha çoxdur. Bu baxımdan Ermənistan və digər tərəflərlə aparılan formal razılaşmalar deyil, məhz Azərbaycanla qurulan münasibətlər həlledici əhəmiyyət daşıyır.
Bu gün Cənubi Qafqazın taleyini Bakı müəyyən edir. Minsk qrupunun faktiki olaraq sıradan çıxması fonunda hər hansı yeni sənədlərin və ya köhnə formatların bərpası ilə bağlı gözləntilər real deyil. Regional prosesləri diktə edən əsas aktor Azərbaycandır və Prezident İlham Əliyev istər regional, istərsə də qlobal siyasətdə aparıcı siyasi fiqur, əsas qərarverici şəxs kimi çıxış edir”