"Onlar müxtəlif formalarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər" - ŞƏRH EDİLDİ

19 Dekabr 2025 16:00 (UTC+04:00)

"Avropa İttifaqının yanaşması, tutduğu mövqe-xüsusən də Ermənistanla və Cənubi Qafqazla bağlı-əslində belə baxanda çox da anlaşılan deyil. Çünki Avropa İttifaqı kimlə rəqabət aparır? Birinci sual budur. Yəni söhbət Amerika Birləşmiş Ştatlarındanmı gedir, yoxsa Azərbaycandanmı? Azərbaycandan gedirsə, Azərbaycanın Avropa İttifaqı ilə rəqabət aparmaq nə marağındadır, nə də strategiyasında belə bir anlayış var. Əksinə, Azərbaycan Avropa İttifaqı ilə münasibətləri yüksək səviyyədə tutmağa çalışır və bu, hər zaman belə olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, onlar müxtəlif formalarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər:

"Əgər Amerika ilə rəqabət aparmaq istəyirlərsə, Avropa İttifaqı nə güc, nə də potensial baxımından buna qadirdir və ABŞ da buna imkan verməz. Qaldı ki, Cənubi Qafqaz məsələsinə Avropa İttifaqı görünür ki, ya vəziyyəti anlamaq istəmir, ya da özünü anlaşılmaz yerə qoymağa çalışır. Halbuki 8 avqustda Azərbaycan, Ermənistan və ABŞ liderləri səviyyəsində bir razılaşma imzalanıb. Bu, üçtərəfli bir sənəddir və sülhün qurulması ilə bağlı ciddi qərarların olduğu bir razılaşmadır. Bu sənəddə tərəflərin üzərinə düşən öhdəliklər qeyd olunub. Belə olan halda, Avropa İttifaqının tutduğu mövqe açıq şəkildə qərəzlidir. Məqsədləri görünür ki, sülh müqaviləsinin şərtlərini pozmağa cəhd etməkdir. Amma təbii ki, buna nə Avropa İttifaqının gücü çatacaq, nə də Azərbaycan və ya Ermənistan buna imkan verəcək. Çünki imzalanan sənədin təsiri güclüdür və üçtərəfli bəyanatda da qeyd olunub ki, bu sənədə zidd olan heç bir əlavə razılaşma və ya sənəd olmamalıdır.

Həmçinin düşünmürəm ki, ABŞ bu məsələdə Avropa İttifaqına meydan verəcək. Burada əsas məsələ Avropa İttifaqının Cənubi Qafqazla bağlı siyasətinə obyektiv yanaşıb-yanaşmamasıdır. Əgər obyektiv yanaşsalar, bəlkə hansısa işləri qaydasına sala bilərlər. Amma yox, əgər təxribatçı yanaşmanı davam etdirsələr, nə Azərbaycan, nə də ABŞ buna imkan verməz ki, Avropa İttifaqı onların strategiyasına zərbə vursun".