"Ağıllı svetoforlar-şəhər nəqliyyatını real vaxt rejimində idarə edən xüsusi qurğulardır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bu svetoforların quraşdırılmasının əsas məqsədi şəhərdə avtomobil sıxlığını tənzimləmək, nəqliyyat axınına nəzarət etmək və sıxlığın tıxaca çevrilməsinin qarşısını almaqdır: "Müasir texnologiyalara əsaslanan bu sistemlər yol hərəkətinin daha səmərəli və təhlükəsiz təşkilinə imkan yaradır.
Bu sistemin müsbət tərəflərindən biri ondan ibarətdir ki, tıxacların yaranma ehtimalını minimuma endirir. Nəticədə nəqliyyat vasitələrinin yollarda lüzumsuz gözləmə müddəti azalır və hərəkət daha axıcı şəkildə davam edir. Tıxacların azalması isə şəhər həyatının ümumi ritminə müsbət təsir göstərir və vaxt itkisini xeyli dərəcədə azaldır.
Daha sonra, tıxacların olmaması atmosferə buraxılan zərərli qazların miqdarının azalmasına səbəb olur. Bu hal ekoloji tarazlığın qorunmasına töhfə verməklə yanaşı, sürücülər üçün də əlavə üstünlüklər yaradır. Belə ki, avtomobillər daha az yanacaq sərf edir və bu da benzinin qənaətinə gətirib çıxarır. Eyni zamanda, mühərrikin fasiləsiz işləməsi avtomobillərin texniki vəziyyətinə də müsbət təsir göstərir. Ağıllı svetoforlar xüsusilə ictimai nəqliyyat vasitələri üçün daha böyük üstünlüklər yaradır. Avtobus və digər ictimai nəqliyyat vasitələrinin vaxtında hərəkət etməsi üçün svetofor işıqlarının düzgün və çevik şəkildə idarə olunması vacibdir. Bu sistemlər marşrutların daha dəqiq planlaşdırılmasına və sərnişinlərin vaxt itkisi yaşamamasına imkan verir.
Ona görə də ağıllı svetofor sistemlərinin müsbət cəhətləri kifayət qədər çoxdur. Bu qurğular həm nəqliyyatın effektiv idarə olunmasına, həm ekoloji problemlərin azalmasına, həm də şəhər sakinlərinin gündəlik həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Nəticə etibarilə, ağıllı svetoforlar müasir şəhər infrastrukturunun ayrılmaz və vacib bir hissəsinə çevrilir".